Ağ qəm - страница 16

Шрифт
Интервал


Özünə çay süzüb yağ, cem çıxardı, dünəndən dilinə bir loxma çörək dəyməmişdi. Amma qızlarının, ərinin evdən ac çıxdıqlarını düşünəndə vicdan əzabı çəkdi. Çayı qəndsiz içib qonaq otağına keçdi, televizoru yandırdı. Yenə reklam verirdilər, növbənöv yeməklərin, şirniyyatın tərifi gedirdi. Sonra itlər, pişiklər üçün hazırlanmış yeməklərin reklamı başladı. Hirslənib kanalı dəyişdi. Başqa kanallarda da maraqlı heç nə yox idi.

Əli heç nəyə yatmırdı. Başı gicəllənirdi. O günkü beyin silkələnməsi deyəsən işini görürdü. Amma bu barədə evdə bircə kəlmə də deməmişdi, doğmalarının fikir çəkmələrini istəmirdi. Divanda uzananda qab-qacaq şkafının şüşəsində öz əksini görüb təəccübləndi: arıqlamış, üzünün almacıq sümükləri bayıra çıxmışdı. Bu halda gənc qıza oxşayırdı, eynilə tələbəlik çağındaki kimi idi. Onda da belə köməksiz , ehtiyac içində idi. Amma yox, o vaxt özünü belə bədbəxt hiss etmirdi, çünki onda sabaha ümidli idi, saysız-hesabsız arzuların qanadında uçurdu. O vaxt gənc, gözəl, istedadlı idi. O vaxt həyat yenicə başlayırdı. O vaxt tək idi. İndi isə ailə məsuliyyəti, uşaqların qayğısı, saysız-hesabsız problemlər onu bürümüşdü, nəfəs dərməyə qoymurdu.

Son bir ildə onlar birdən-birə müflisləşmişdilər. Aygün Politexnik İnstituna daxil olmuşdu. Dəbdəbəli geyinən bir çox yaşıdlarından o, kəskin şəkildə fərqlənirdi, dərslərinə, kitablara həddindən artıq aludə idi. Talihəyə elə gəlirdi ki,

Aygün kədərini dağıtmaq üçün vaxtını dərslərə sərf edir. Hamı kimi geyinib-gecınə bilmədiyi, həmyaşıdları kimi kafelərdə yemək yeyə bilmədiyi üçün belə edir. “Birdən uşağı xəsis sanar, onu təkləyərlər” , – deyə bəzən fikrindən keçərdi. Hərdən ona elə gəlirdi ki, ehtiyac qızını yoldan çıxara bilər. Kimsə avamlığından istifadə edib pulla onu ələ alar. Belə anlarda dünya başına fırlanırdı. Bir tərəfdən qızının dərslərə çox vaxt sərf etdiyini görüb hirslənir, “heç zəmanə uşağı deyil, istəmirəm belə olsun, bir az diribaş olsa yaxşıdır”, – deyə fikirləşir, digər tərəfdən sevinirdi ki, qızının tələbləri ancaq kitablarla, dərsliklərlə bağlıdır.

Doqquzuncu sinifdə oxuyan Aytən xasiyyəti, boy-buxunu, görkəmi ilə böyük bacısından fərqlənirdi – şux təbiətli, deyən-gülən, geyinməyi sevən idi. Amma o da heç vaxt “Mənə filan şeyi alın” deməz, anasının, bacısının geyilmiş paltarları ilə ötüşərdi.