Ağ qəm - страница 15

Шрифт
Интервал


– Aytən, çörək yemisən?

– Hə, ana.

– Bax, düzünü de ha!

– Dedim də.

– Güzgünün qabağında pul var, götürərsən.

– Yaxşı.

Qapının örtülməsindən Talihənin xəbəri olmadı. Yuxu onu yenidən apardı. Ayılanda artıq saat 10 idi. Cəld yerindən qalxıb bayır qapısını içəridən kilidlədi. Gözü dünəndən güzgünün qabağına qoyduğu pula sataşdı: Aytən onu götürməmişdi. ‘‘Yenə məktəbə piyada getdi,” – deyə kədərlə düşündü. Neçə gün idi ki, o pula kimsə toxunmurdu. Mətbəxə keçib əlini çaynikə toxundurdu: bumbuz idi. “Yenə çay-çörəksiz getdi”. Vaxtında oyanıb qızını yola salmadığına görə ürəyində özünü danladı. Aygünlə Talehin səhərlər çörək yeməməsinə adət etmişdi. Amma Aytənin, onun totuq-motuq Aytəninin aclığa heç davamı yox idi. O, hər iki-üç saatdan bir soyuducunu açıb oradan yemək götürüb iştahla yeməyə adət etmişdi. Onun üçün vaxt məfhumu yox idi. Səhər ertədən də, gecə yarısı da ləzzətlə yeməyə girişərdi. Amma bir aydan artıq idi ki, o, məktəbə ac yollanırdı. Ecdəkilər danlayanda zarafata salırdı: “Qoymazsız arıqlayım?” Amma hamı bilirdi ki, o, yeməyə qənaət edir. Üstəlik məktəbə də piyada gedirdi ki, yol pulu verməsin. Əvvəllər məcbur etsəydilər də bu qədər yolu piyada getməzdi. Amma indi könüllü sürətdə yarım saatlıq yolu pay-piyada gedib-gəlirdi.

Talihənin ürəyi sıxıldı, çarpayısını yığışdırıb otaqlarda səliqə-sahman yaratmağa başladı. Bir azdan aclığını hiss edib yenidən mətbəxə keçdi. Çaydanı qazın üstünə qoyub soyuducunu açdı: bir parça yağdan və bir yarımçıq banka cemdən başqa burada heç nə yox idi. Yağa neçə gün idi ki, heç kəs əl vurmurdu. Ərzaq qablarını bir-bir yoxlamağa başladı: hamısının içi boş idi. Aynabəndə keçib oradaki soyuducunu açdı, yadına düşdü ki, onu bir neçə ay əvvəl söndürüb. Bir vaxtlar iki soyuducu onu görmürdü, üçüncünün arzusunda idi. İndi isə mətbəxdəkini də söndürməyin vaxtının gəlib çatdığını anladı. Kartof qabında iki-üç kartof və bir neçə soğan qalmışdı. “Kartof bişirərəm”, – deyə fikirləşdi. Talehin maaşına hələ üç gün var idi. Bəs bu üç günü necə yola verəcəkdi? Evdəki qəpik-quruş üç dənə çörəyə ancaq çatırdı.

Çaydan pıqhapıqla qaynayır, su döşəməyə tökülür, mətbəx buxarla dolurdu. Talihə isə başını əlləri arasına alıb düşünür, düşünürdü. İndi düşünməkdən savayı onun əlindən heç nə gəlmirdi. Qazın yanından axaraq stolun ayaqlanna kimi gəlib çatmış suyu görəndə cəld çaydanı odun üstündən götürdü, çay dəmlədi. Bir azdan mətbəxə qaynamış çayın tünd qoxusu yayıldı. Qazı keçirib “yaxşı oldu, çay tünd olacaq, – deyə kədərlə gülümsədi.