Ağ qəm - страница 24

Шрифт
Интервал


Reallıq ondan ibarət idi ki, sabah çörək almağa pulları yox idi. Ömrü boyu ən çətin, ən mürəkkəb vəziyyətlərdən öz gücü, ağlı və iradəsi ilə çıxmışdı. İndi də ola bilməzdi ki, bu vəziyyətdən çıxış yolu tapılmasın. Haradansa bir çıxış yolu görünməli idi. Lakin haradan?

Ürəyində Talehi yamanladı, onun bu an divanda uzanıb etinasız halda televizora tamaşa etdiyini fikirləşəndə hirsləndi. “Kaş kişi olaydım, gedib daş daşıyardım, amma ailəmi bu vəziyyətə salmazdım”, – deyə fikirləşdi. Sonra ürəyində özünə nəsihət verməyə başladı: “Dur ayağa, özünü ələ al, ağlını başına yığ, düşün, vəziyyətdən çıxış yolu axtar. Sənin sınmağa, ruhdan düşməyə ixtiyarın yoxdur. Sən iki qız anasısan. Onların məsuliyyəti sənin boynundadır. Öz acizliyini onlara göstərməyə haqqın yoxdur. Hər şey asanlıqla düzəlsəydi, nə vardı ki? Allah bacadan tökməz, görək özün çalışasan”. Sonra özünü yamanladı: “Buğda çörəyin yoxdursa, buğda dilinə nə gəlib?”

Deyəsən nəsihətləri ona yaxşı təsir etdi. Çarpayısını səliqəyə saldı, heç nə olmayıb kimi üzünə xoş bir ifadə verib yenicə qonaq otağına keçmişdi ki, telefon zəng çaldı. Danışan rəfiqəsi Rasimə idi. O, bir nəfər tanışının fəl-səfə tarixinə dair kitablar satın almaq istədiyini bildirdi. Rasimə tələb olunan kitabların adlarını ona bir-bir yazdırdı. Bunların hamısı Talihənin şəxsi kitabxanasında var idi. Rasimə bunu yaxşı bilirdi, onun pula ehtiyacı olduğunu da hiss edirdi.

– Neçəyə alır? – Talihə boğuq səslə soruşdu.

– Hər kitaba iki-üç şirvan verəcək. Yaxşısı budur, özün alver elə.

– Alverlik halım yoxdur, ünvanı ver, gəlib kitabları aparsın.

Telefon dəstəyini yerinə qoyanda Talihənin ürəyindən qəribə, bu vaxta qədər ona tanış olmayan bir ağrı keçdi. Elə bil nə isə qiymətli, əvəzsiz bir şeyini itirmişdi. Bu halını ətrafdakılara hiss etdirməməyə çalışdı. Neçə il əvvəl bu kitabları Moskvadan alıb gətirmişdi. Aspiranturada oxuyan Talihə onların köməyi ilə minimumlarını vermiş, dissertasiyasını yazıb başa çatdırmışdı.

Amma sonra maddi çətinliklər ucbatından elmdən soyumuş, müdafiəsi yanmçıq qalmışdı. İndi bu kitablar ona lazım deyildi, şkafda yer tutmaqdan başqa heç nəyə yaramırdı. Amma buna baxmayaraq, onlarla vidalaşmaq Talihə üçün çətin idi. Ümumiyyətlə, o, kitablara qəlbən bağlı adam idi. Tələbəlik illərindən başlayaraq, əlinə puı keçən kimi yolunu kitab mağazalarından salar, nə isə almadan oradan çıxmazdı. Bəzi tanışları kimi yaraşıq, şöhrət xatirinə kitab yığanlardan deyildi, evində onun oxumadığı kitab yox idi.