Ağ qəm - страница 23

Шрифт
Интервал


Mətbəxin pəncərəsindən ev əşyaları yüklənmiş maşını görəndə Talihənin ürəyi sıxıldı. Yük maşınının yanında dayanmış Arifin 8-9 yaşlarında oğlunun gözlərindən pərişanlıq yağırdı. Adətən səsli-küylü olan dəcəl məhəllə uşaqları onun ətrafına toplaşıb Arifin iki kişi ilə şey-şüyü maşına necə yüklədiyinə tamaşa edirdilər. Binanın eyvanlarında kimsə gözə dəymirdi. Yəqin bu qəmli mənzərəni görməmək, köçənlərin narahatlığını artırmamaq üçün Tali- həgil kimi hiss etdirmədən onları seyr edirdilər.

Yeddi-səkkiz il əvvl bu həyətə dolu maşınlar gələndə bu, ümumi sevincə səbəb olardı. Hamı təzə qonşuların kim olduğunu öyrənmək üçün eyvanlara çıxar, onlara maraqla tamaşa edərdi. Ondakı mənzərə indiki ilə müqayisə oluna bilməzdi. İllər boyu ev növbəsində dayanmış, böyük çətinliklə istədiklərinə nail olmuş adamlar onda öz sevinclərini bölüşməyə fürsət axtarırdılar.

İndiki mənzərə isə tamam başqa idi. Köçənlərin hiss və həyəcanlarını anlamaq o qədər də çətin deyildi. Onlar köçmələrinin əsas səbəblərini gizləsələr sə, müxtəlif bəhanələr gətirib, yalanlar uydursalar da, üzdə özlərini nikbin göstərməyə çalışsalar da, səbəbi hamı bilirdi və buna görə də sözü bir yerə qoyublarmış kimi heç kəs köçən qonşuları soğu-suala tutmurdu.

Kədərlə onların öz doğma ocaqlarını tərk etmələrinə tamaşa edənlər ürəklərində düşünürdülər ki, belə bir faciə sabah onların da başına gələ bilər. Arifgilin hara, niyə köçdüklərini düz-əməlli heç kəs bilmirdi. Ancaq Talihə üçün sirr deyildi ki, həmkarı səkkiz ay işsiz qalandan sonra evini kirayə verməyi qərara alıb. Onlar müvəqqəti olaraq valideynlərinin yanına köçürdülər.

Talihə Aytənə hiss etdirmədən sakitcə yataq otağına keçib içəridən qapını bağladı, çarpayısına sərildi. Göz yaşları sel kimi axır, yastığını isladırdı – bunlar ümidsizlik, köməksizlik yaşlan idi. Bu an düşdüyü vəziyyətdən çıxış yolu olmadığını, qurtuluşun mümkünsüzlüyünü öz-özünə iitiraf et-mək onun üçün çox ağır idi.

O, çarəsizliyin kulminasiya nöqtəsində idi. Bunu dərk edirdi, amma dəf etməyə nə gücü, nə də taqəti vardı. Bu, həqiqət idi – acı və amansız həqiqət. Bu həqiqət onun sinəsinə çalın-çarpaz dağ çəksə də, ürəyini siyirsə də, varlığını alt-üst etsə də, olan-qalan qətiyyətini əlindən alsa da, onu qəbul etməli idi. Edirdi də. Qəbul etməyib neynəyəcəkdi ki?