Ağ qəm - страница 4

Шрифт
Интервал


Bir saat ətrafda dolaşandan sonra ərinin ona nişan verdiyi yerə yollandı. “Gənclik” metrosunun girişində alver edən min cür xırdavatçılardan qələm soraqlamağa başladı. Həmişə “qələm alın, beşi min manata” deyib zəhlə tökən uşaqlar bu gün gözə dəymirdilər. Dəzgələrin üstünə qoyulmuş qələmlərin qiyməti isə bərabər şəkildə qalxmışdı. Əlacsız qalıb 350 manata qələm almaq istəyirdi ki, əlində qələm pastası tutmuş bir qocanın onun yanından ötdüyünü görüb sevindi: biri yüz manata idi. Talihə onların yazıb-yazmadığını yoxladı.

– Ay bala, elə bil qızıl alırsan, – qoca deyindi.

Talihə bu sözlərdən yaman utandı. Ürəyində “Alacağın qarğa, verecəyin qırğı” , – deyə fikirləşdi. Eşidən olub-olmadığını yoxlamaq üçün yan-yörəsinə boylandı, pörtdüyünü gizlətmək üçün dedi:

– Əmi, xətrinə dəyməsin, bir dəfə burdan aldığım pastaların içinə rəngli su doldurulmuşdu, ona görə də məcburam yoxlayam.

– Mən namaz qılan adamam, bala, elə insafsız iş tutmaram.– Qocanın sözləri elə inandırıcı idi ki, Talihə daha heç nə deməyib on pasta alıb geri qayıtdı. Ürəyində məmnunluq hiss etdi. “Bir xeyli vaxt qələmə ehtiyacım olmayacaq”. Bu, kədərli sevinc idi.

Belə bir sevincli anı axşam ikinci dəfə yaşadı. Zirzəmidəki rəfin küncündən bir topa plakat tapanda elə bil dünyanı ona verdilər. Talehin üzv olduğu partiyanın sədrinin ağappaq, keyfiyyətli kağızda çap olunmuş portreti parlament seçkilərindən yadigar idi. Pullu, imkanlı sədr o qədər plakat çap etdirmişdi ki, onların hamısını yapışdırmağa Talehin nə həvəsi, nə gücü, nə də vaxtı olmuşdu, ona görə də böyük bir topanı gətirib evdə qoymuşdu. Bir xeyli keçəndən sonra isə evdə yer tutduğuna görə onlan zirzəmiyə düşürtmüşdü.

Talihə plakatları diqqətlə nəzərdən keçirdi: birindən 6 vərəq çıxırdı. Onları evə gətirib səliqə ilə kəsməyə başladı, şkafda yerləşdirəndən sonra rahat nəfəs aldı.Son vaxtlar heç belə sevinməmişdi. Bu sevincə də acı dad qarışmışdı.


* * *


Artıq altı ay idi ki, Talihə işsiz idi. Ömrü boyu dövlət idarəsində çalışmış, səhər saat 9-dan axşam saat 5-ə kimi iş yerində olmağa adət etmiş bir adam üçün birdən-birə belə uzun müddətdə evdə qalmaq o qədər də asan məsələ deyildi. Neçə illər fasiləsiz çalışdığı qəzet maddi çətinliklər üzündən bağlanmışdı. Bakının işsizlər ordusuna onların 40 nəfərlik kollektivi də qarışmışdı.