Onun qəhrəmanı özünün prototipi idi. Talihə üçün bu əsəri yazmaq çətin deyildi. Hiss və duyğularını, qəmli düşüncələrini, düşdüyü burulğanları, keçirdiyi əzab və işgəncələri, rastlaşdığı eybəcərlikləri sadəcə vərəqə köçürürdü. Yalnız bundan sonra nisbətən sakitləşir, özünə gəlirdi. Yazmaq, içini göynədən, onu yandırıb-yaxan, qərarsız edən duyğuları boşaltmaq onun üçün yeganə təsəlli idi. Qəribə burası idi ki, bundan sonra doğrudan da özünə gəlirdi. Kükrəyib-coşub öz məcrasından çıxan çay yenidən yatağına qayıdanda necə sakitləşirsə, öz adi axan ilə necə axırsa, Talihə də eynilə o cür olurdu. Yazmaq, qəlbindəki fırtınaları qələmlə içindən dartıb çıxartmaq ona bir qədər rahatlıq gətirirdi.
Harda gəldi yazırdı. Qızlarının köhnə dəftərlrinin yarımçıq səhifələrində, təqvim vərəqlərinin arxasında, qəzetlərin ağ haşiyələrində. Bir sözlə, əlinə nə keçsə, onu qaralalyırdı. Bunu ona görə edirdi ki, daha evdə yazmağa təmiz vərəq qalmamışdı. Əvvəllər ağ kağızları işdən gətirərdi. Amma son bir ildə redaksiyanın kağız ehtiyatı tükənmişdi, işçilər bir üzü yazılmış vərəqlərdən istifadə etmək məcburiyyətində qalmışdılar. Artıq bütün kollektiv qənaətə öyrəşmişdi. Talihə isə ikiqat, üçqat qənaətcil olmuşdu. Adətən iri xətlə, tələsik, səliqəsiz yazmağa adət edən, bir yazının üzünü iki-üç dəfə köçürməyə, koçürə-köçürə redaktə etməyə öyrəşmiş Talihə indi xırda hərflərlə, düşünədüşünə, səhvsiz yazmağa çalışırdı ki, israfçılığa yol verməsin. Amma daha qənaətdən də keçmişdi, evdəki kağızları tükənmişdi.
Talihə üçün ən dəhşətlisi qələmlərinin qurtardığı gün idi. O gün o, həyəcanından nə edəcəyini bilmirdi. Beynindəkiləri kağıza köçürmək lazım idi, amma qələm yox idi.
Karandaşla yazanda hirslənirdi, fikirləri dağılırdı, mütləq qələm almalı idi. Qızlarla Taleh hələ gəlməmişdilər. Həm də onların qələmlərinə qıymırdı. Bir oturuma 10-15 vərəq qaraltmağa adət etmişdi, ona qələm çatdırmaq çətin idi. Ona görə də 10-20 qələm birdən alardı. Dostları, tanışları çox vaxt bayramlarda, ad günlərində ona qələm bağışlayardılar. Bilirdilər ki, bu hədiyyə Talihənin ürəyincə olacaq. Taleh də hara getsə, mütləq onun üçün yaxşı bir qələm alıb gətirərdi. Ona görə də heç zaman qələmdən korluq çəkməzdi. Birinci dəfə idi ki, evdəki qələm ehtiyatı qurtarmışdı.
Otaqda xeyli var-gəl edəndən sonra nə fikirləşdisə, geyinib evdən çıxdı. Son dəfə Taleh onun üçün beş qələm almışdı, hərəsinə 200 manat vermişdi. İndi fikirləşirdi ki, cibindəki son min manatı verib beş qələm alacaq, bu da onu xeyli vaxt görəcək. Ancaq hansı köşkə yaxınlaşdısa, orada 350 manatdan ucuz qələm görmədi.