Zərifə əlləri ilə üzünü tutmuşdu. Təhqir olunmuş, alçalmış adamlar kimi səssizcə ağlayırdı. Bədəni Aydının qarmaqlarından qıpqırmızı idi. Bundan mütəəssir olan Aydın onun çiyinlərini qucaqlayıb öpməyə başladı. Zərifə daha dartınmır, müqavimət göstemirdi, buna onun taqəti qalmamışdı. Yaman yo-rulmuşdu. Bu nəvazişlərdən. Aydının atəşli öpüşlərindən xoşhal olmurdu. Aydının odlu dodaqlan onun hisslərini oyatmırdı. Aydından zəhləsi gedirdi, ona nifrət edirdi, onu dünyalar qədər sevən, yolunda həyatından keçməyə hazır olan bu adamdan o, iyrənirdi.
Birdən belə fikirləşdiyinə görə öz-özündən utandı. Aydına yazığı gəldi. Ayaqlarına yıxılmış bu adam onun yadına Hüseyn Cavidin sözlərini saldı: “Siz qadınlar ayaqlarınıza qapananları təhqir edər, sizi təhqir edənlərin ayaqlarına qapanarsınız!” Elə bil bu sözlər Zərifə üçün deyilmişdi. O, Aydını qucaqlayıb oxşamaq, öpüşlərinə cavab vermək istədi. Lakin bu, bircə an çəkdi. Onun sarışın saçlarını sığallamaq üçün qaldırdığı əlləri sözünə baxmadı. “Hər şey necə də mürəkkəbdir. Sevmədən xəyanət etmək də olmazmış”, – deyə fikirləşdi. Onun bura gəlməyi, Aydının hissləri ilə oynamağı böyük səhv idi. Tutduğu işin ağılsızlığını bir daha anladı. Güclə eşidiləcək səslə Aydına dedi:
– Bir də mənə yaxınlaşsan, ömürlük səni dindirməyəcəyəm.
– Sən məni bu halda qoyub gedə bilməzsən.
Aydın kallaşmış səslə, az qala qışqıra-qışqıra dedi. Zərifənin dinmədiyini görüb yalvarıcı nəzərlərlə ona baxdı. Lakin Zərifə onun qan çəkmiş, yadlaşmış gözlərinə baxmırdı. O, heç nə demədən paltarını geyinməyə başladı. Aydın paltan onun əlindən almaq, geyinməyinə mane olmaq istədi.
– Get, mənə su gətir, – Zərifə əmr elədi. Aydın suyu gətirənə kimi Zərifə artıq geyinib yataq otağından çıxmışdı. O, əlləri əsə-əsə suyu içdi. Aydının üzünə baxmadan:
– Qapını aç, gedirəm, – dedi.
– Necə? Gedirsən? Axı gəldiyin heç on dəqiqə deyil. – Aydın təşvişə düşdü. Lakin Zərifənin əməlli-başlı titrədiyini görüb qorxuya düşdü. – Zərif, sənə nə olub? Bir yerin ağrımır ki? – deyə əl-ayağa düşdü. Onun əllərini ovuclarına alanda bumbuz olduğunu görüb həyəcan içində onu divanda oturtdu. Zərifə yalvarış dolu səslə dilləndi:
– Burax məni. Yalvarıram sənə, gözümdən düşmək istəmirsənsə, qapını aç gedim.
– Qorxma, Zərif, daha əlimi sənə toxundurmayacağam. Eləcə otur. Bir az özünə gəl.