Ağ qəm - страница 53

Шрифт
Интервал



* * *


…Telefon bayaqdan zəng çalırdı. Amma Zərifə məktubdan ayrıla bilmirdi. Son sətirləri oxuyub dəstəyi götürdü.

– Zərifə, salam! – Anasının mehriban, ilıq səsi onu kövrəltdi.

– Salam, ana can…

– Niyə kefsizsən, bala? Bir şey olmayıb ki? – Anası 600 kilometrlik məsafədən onun kefsizliyini hiss etmişdi.

– Heç nə olmayıb, uşaqlarçün bir az darıxmışam.

– Yaxşı dincələ bildinmi?

– Hə, ana, elə yaxşı dincəldim. – Zərifə qəhərini gizlədə bilmədi.

– Sabah uşaqlarla Bakıya gələcəyəm. Səndən yaman nigaranam. Rəşidlə dalaşmamısan ki? Hər gecə sizi yuxuda görürəm…

“Sabah uşaqlar gəlir. İki gündən sonra məktəbdir. Yəqin Raminlə Çingiz bu iki ayda çox dəyişiblər. Yəqin bir az da böyüyüblər. Ramin bu il altıncı, Çingizsə beşinci sinfə gedəcək”.

Birdən uşaqlan üçün elə darıxdı, onlardan ötrü elə qəribsədi ki, kövrəldi. Başını anasının dizləri üstünə qoyub saçlarında onun doğma əllərinin sığalını duymaq üçün ürəyi tel-tel əsdi. Uşaq kimi hönkürdü.


1986

Gəzəyən


Sabah axşama kimi o. Həcər xalanın yanında qalacaq. Bu gün və gecə, bir də sabahki gün. Axşam anası gəlib onu buradan evlərinə aparacaq. Lakin sabah axşama kimi gör hələ nə qədər vaxt var. “Kaş möcüzə baş verəydi. Mən gözümü yumub açana kimi sabah açılaydı,” – Aynur bunu arzulayırdı.

Təsəvvür etdi ki, səhər açılıb, anası onu aparmağa gəlib. Gözlərini bərk-bərk yumub bunu xəyalında canlandırdı. Möcüzə baş verib-vermədiyini yoxlamaq üçün gözlərini açdı. Amma yox, heç bir möcüzə-zad baş verməmişdi.

O, səssizcə, içini çəkə-çəkə ağlayırdı ki, qonşu otaqda paltar ütüləyən Həcər xala eşidib hirslənməsin. Aynur pəncərənin qabağına keçib üzbəüz birmətəbəli evin pəncərəsinə tamaşa etməyə başladı. Pəncərənin qarşısında qoyulmuş stolun ar-xasında arıq, mehriban sifətli bir kişi oturub ağ vərəqlərə nə isə yazırdı. Aynur onu burada görməyə adət etmişdi, həmişə maraqla ona göz qoyardı. Bu məşğuliyyət onu yamanca əyləndirərdi. O adam hərdən başını qaldırıb üzbəüz evin pəncərəsindən baxan bu balaca qıza mehribanlıqla gülümsəyər, sonra yenə öz işinə davam edərdi. “Görəsən nə yazır?” – deyə Aynur fikirləşərdi. Onun qələmi necə cəld işlətdiyini, ağ vərəqləri necə sürətlə qaraltdığını görüb heyrətə gələrdi. Bəzən bu adam başını kağızların üstünə qoyub hərəkətsiz qalar, gah da başını əlləri arasına alıb sakitcə oturardı. Aynur onu yalnız axşamlar görməyə adət eləmişdi. Gündüzlər bu pəncərədə kimsə görünməzdi.