Həcər xalanın evində keçirdiyi günlər onun üçün işcəncəyə çevrilərdi, ürəyini nəhayətsiz kədər bürüyərdi. Oyuncaqları ilə könülsüz oynayar. Həcər xalanın bişirdiyi xörəkləri iştahsız yeyərdi. Bəzən saatlarla pəncərənin qarşısında oturub gözlərini yola dikər, anasının gəlib onu evlərinə aparacağı vaxtı səbirsizliklə gözləyərdi.
Aynurun Həcər xaladan xoşu gəlmirdi. Bu neçə vaxtda ona öyrəşə bilməmişdi. Qadin Dilarənin yaninda onu öpüb oxşayar, şirin dillə danışdırardı. Dilarə çıxıb gedəndən sonra isə uşağın varlığı elə bil onun yadından çıxırdı. Tez Dilarənin gətirdiyi əti, kolbasanı, göyərtini, meyvəni yerbəyer edər, mətbəxdə biş-düşlə, sonra isə ev işləri ilə məşğul olardı. Belə vaxtlarda Aynur bir kənarda dayanıb səsini çıxarmadan onu seyr edərdi. Bəzən ona elə gələrdi ki, Həcər xala onu görmür. Gəlib düz qabağında dayanardı ki, dayəsi ona nəzər yetirsin. Həcər xala-nı isə işindən ayırmaq müşkül məsələ idi. Həhayət, Aynur darıxıb qonşu otağa keçər, şəkilli kitablara tamaşa edərdi.
Həcər xala uşağı bir də şam yeməyi vaxtı dindirərdi. Onu yedirdər, içirdərdi. Aynur yeməkdən sonra qab-qacağı yığışdırmaqda dayəyə kömək edərdi. Sonra isə çarpayıya uzanıb yuxusu gəlməyə-gəlməyə yatmağa çalışardı ki, sübh tez açılsın. Səhər eyni vəziyyət yenə təkrar olunardi. Həcər xala yenə ev işləri ilə məşğul olar, yuyar, ütüləyər, xörək bişirərdi. Aynur isə qonşu otaqda saatlarla səssizcə oynayardı.
Bəzən Həcər xala Aynuru özü ilə bazara, dükana aparardı. Küçədə o, tamam ayrı adam olardı, onunla mehriban danışar, suallarına səbrlə cavab verərdi. Aynur da düşünərdi ki, yəqin Həcər xala evdə yorulur, danışmağa taqəti qalmır, ona görə də onunla belə soyuq davranır.
Anası Aynuru götürmyə gələndə Həcər xala adəti üzrə dil-ağız edərdi:
– Canını yeyim Aynurun, çox yaxşı uşaqdır. Ona öz doğma balam kimi bağlanmışam. Aynur yatanda darıxdığımdan bilmirəm nə edim.
Uşaq onun bu ikiüzlülüyü qarşısında deməyə söz tapmazdı. Hər dəfə Həcər xalagilə getmək vaxtı çatanda Aynur anasına yalvarardı:
– Ana, nə olar, məni Həcər xalanın yanında qoyma da…
Dilarə onun saçlarını qarışdırıb cavab verərdi:
– Sən mənim ağilli qızımsan. Ağıllı qız isə anasının sözündən çıxmaz.
– Mən orda darıxıram axı…
– Həcər xala səni bu qədər çox istəyir, sən isə deyirsən ki, dan xıram.