Ağ qəm - страница 56

Шрифт
Интервал



* * *


Dilarə gecəni çox narahat yatmışdı. Üzünün rəngi solğun görünürdü. Gözlərinin altı qaralmışdı. Səhərdən eyni açılmırdı. Çünki bu gün ayın on üçü, nəhs gün idi. Dilarə ayın on üçünü həmişə qorxa-qorxa gözləyərdi. O gün mütləq nə isə xoşagəlməz bir hadisə baş verməli, qanı qaralmalı idi. Uzun illər idi ki, bunu sınaqdan keçirirdi.

– Qızım, rəis yerindədir? – deyə içəri girən yaşlı bir qadın soruşdu.

– Xeyr.

– Bilmirsən hardadır?

– Bilmirəm.

– Bu gün gələcəkmi?

Dilarənin hövsələsi daraldı:

– Mən nə bilim gələcək, ya gəlməyəcək. Bəyəm rəis mənə hesabat verir?

– Hesabat vermirsə, səni niyə bıırda oturdub? – deyə qadın deyinə-deyinə otaqdan çıxdı.

“Bəli də, başlandı.” – Dilarə dilxor halda makinasını tıqqıldatmağa başladı. – “Qudurasan, qurbağa, gəldi bizi vurmağa”, – ürəyində arvadın dalınca söyləndi.

Bir azdan ortayaşlı bir kişi içəri girib birbaşa rəisin kabinetinə tərəf getdi.

– Ay yoldaş, hara? – deyə Dilarə soruşdu.

– Rəisin yanma.

– Bəs soruşmazlarmı ki, rəis burdadır, ya yox?

– Qəbul vaxtı işdə olmayıb, harda olacaq?

– Deyirsiz yəni bütün günü kabinetindən çıxmamalıdır? – deyə Dilarə hirsləndi.

– Əvvəl dövlət işi, sonra şəxsi işlər.

Xeyli çənə-boğazdan sonra kişi narazı halda çıxıb getdi. Heç beş dəqiqə keçmədi ki, ucaboy bir oğlan içəri girdi:

– Qəşəng qız, salam.

– Əleykəssalam.

– Rəisin yanında adam var?

– Rəis yoxdur.

– Hardadır?

– Bilmirəm.

– Qanınız niyə qaradır?

– Onun sizə dəxli yoxdur.

– Heyf bu gözəllikdən ki, belə acıdil qıza verilib, – deyə oğlan təəssüfləndi.

Dilarə onun sözlərindən tutuldu. “Doğrudan da, mənə nə olub? Adamlarla niyə belə kobud danışıram? önlann nə təqsiri var?” – deyə öz-özünə düşündü.

Oğlan otaqdan çıxan kimi Dilarə stolunun yeşiyindən balaca güzgüsünü çıxarıb saçını daradı, ətirləndi, üzünə mehriban ifadə verdi. Bu görkəmindən məmnun qaldı.

– Namiq Dadaşoviçin katibəsisinsiz? – Üzündən şitlik yağan bir oğlan salamsız-kəlamsız ona yaxınlaşdı.

– Sizi eşidirəm, – deyə Dilarə acıqlı halda cavab verdi.

– Namiq Dadaşoviçin yaxşı zövqü var. – Oğlan bu sözləri ağzını az qala Dilarənin qulağına yapışdırıb dedi. Dilarə qıpqırmızı qızardı, amma heç nə demədi.

– Əvvəlki katibəsi də qəşəng qız idi. Başa düşmürəm, o niyə çıxıb getdi?! – Oğlan gözlərini bic-bic qırpdı. Dilarə daha hövsələsini basa bilmədi.

– Bura baxın, vətəndaş, elə etməyin ki, milis çağırım. Rədd olun burdan.