Nailə bəstəboy qız idi. Bu yaz 38 yaşı tamam olmuşdu. Lakin onun zərif, incə vücuduna heç vaxt bu yaşı vermək olmazdı. O, tibb institutunu bitirən ili atası, bir il sonra isə anası vəfat etmişdi. Nailə özündən kiçik üç bacısına həm ata, həm də ana əvəzi olmuş, üçünü də oxudub ərə vermişdi. O, bacılarının heç birinə oxşamırdı. Onların üçü də deyib-gülən, şən qızlar idi. Nailə isə sakit təbiətli idi, heç nə ilə gözə çarpmırdı. Bu vaxtacan ərə getməməsinin bir səbəbi də yəqin elə bu cəhəti idi. Kim bilir, bəlkə də vaxtından tez üzərinə düşdüyü məsuliyyət, çəkdiyi qayğılar onu belə etmişdi.
Bu gecə hər şey Nailəni səbəbsiz kövrəldirdi. O, işığı yandırmadan yerinə uzanmışdı. Açıq pəncərəsindən Həmidin otağı ovuc içi kimi görünürdü. Bir azdan onun işığının söndüyünü görüb Nailə narahatlıqla yerindən qalxdı. Həmidin asta addımlarla həyətdən küçəyə çıxdığını görcək ürəyi darıxdı, tez yerindən qalxdı.
Eyvanda oturub çay içən Həcər xala onun bu narahatlığını hiss edib Nailəni çay içməyə çağırdı. O, Nailənin ürəyində doğulub boy atan duyğulardan çoxdan xəbərdar idi, oğrun-oğrun Həmidin arxasınca baxdığını, uzaqdan-uzağa onu izlədiyini çoxdan bilirdi. Lakin özünü elə apanrdı ki, guya heç nədən xəbəri yoxdur. Nailənin təbiəti elə idi ki, kimsənin onun ürəyindəkilərdən xəbər tutmasına razı olmazdı. Bunu o, xətrini istədiyi, gözünü açandan yanında gördüyü, valideynlərini itirdiyi o çətin illərdə ona həyan olmuş, aralarındakı böyük yaş fərqinə baxmayaraq, çox yaxın olduğu Həcər xalanın da bilməsini istəməzdi.
Nailənin qorun-qorun yandığını Həcər xala bilirdi. Bunu da anlayırdı ki, o təbiətdə qızlar üçün həyatda özünə həmdəm tapmaq çox çətindir. Nailədən olsa, o, ömründə özünə belə bir adam tapa bilməyəcəkdi. Həmidi isə bu həyətə elə bil Allah özü göndərmişdi. Lakin vaxt keçir, nə Həmid Nailəyə diqqət yetirir, nə də Nailə onu özünə cəlb edə bilirdi. Həcər xala neçə dəfə istəmişdi ki. Həmidlə bu barədə söhbət etsin, onu bu haqda düşünməyə məcbur etsin. Lakin Həmidin acıqlanacağından, inciyəcəyindən ehtiyat edirdi. Digər tərəfdən isə Nailənin mənliyinin tapdalanacağından qorxurdu.
– Həmidlə nə yaraşardız! Allah sizi bir-biriniz üçün yaradıb. – Həcər xala çoxdan ürəyindən keçən fikri birdən dilinə gətirdi.
– Nə danışırsız, Həcər xala? – Nailə utanıb sözünün dalını deyə bilmədi.