* * *
Həmid gəzə-gəzə yaxınlıqdakı bağa gəldi. Skamyalardan birində oturub əllərini qoynunda çarpazladı. Bu gün o, demək olar ki, işləməmişdi. Çox çalışmış, amma fikirlərini bir yerə cəmləşdirə bilməmişdi. Sərin, gözəl qoxular qarışmış yaz havası onu evdə oturmağa qoymamışdı. Hava özü ilə ona nə isə bir qəriblik, bir həzinlik gətirmişdi. Birdən quş civiltisi diqqətini cəlb etdi. Şam ağacının budağında quşlar yamanca səs-küy salmışdı. Akasiya ağacı ağappaq çiçəklərə bürünmüşdü. Havadakı qəribə qoxunun haradan gəldiyini o, indi anladı. Akasiya çiçəyinin ətri onda həmişə həzin duyğular oyadırdı. İndi də yamyaşıl yarpaqlar arasından boylanan bu zərif salxımlara baxa-baxa fikrə getdi. Qəribədir, həmişə yazın gəlişini sevinclə gözləyən, ağaclarda hər yeni zoğun, hər yaşıl yarpağın, hər incə çiçəyin doğulmasına diqqətlə göz qoyan Həmidin bu dəfə yazın gəlişindən xəbəri olmamışdı. O, işə hər gün bu bağdan keçib gedirdi. Axşamlar təmiz hava almağa bura gəlirdi. Birdən yadına düşdü ki, bu gün mayın 4-dür – ad günüdür, 36 yaşı tamam olur. Lakin bu hadisədən ondan başqa heç kəsin xəbəri yoxdur.
– Dərdin alım, niyə əllərini qoynuna qoymusan? Götür əllərini qoynundan! – Qarşısından keçən bir qarı bu sözləri elə mehribanlıqla dedi ki. Həmid tez əllərini yanına saldı. “Gör nə mehriban qadındır. Bəxtəvər onun uşaqlannın halına”, – deyə arxasınca həsədlə baxdı.
Bu vaxt iri bir top diyirlənib ayaqlarının altına düşdü. Həmid topu yerdən qaldırıb uşağa qaytarmaq istəyirdi ki, birdən onu tanıyıb gülümsədi. Bu, tez-tez Həcər xalanın pəncərəsində gördüyü qız idi.
– Bu sənsən? Adın nədir?
– Aynur, – deyə uşaq sevincək cavab verdi. – Bəs sənin adın nədir?
– Mənim adım Həmiddir.
– Mən sənə həmişə pəncərədən baxıram, – Aynur onun yanında oturdu.
– Mən də sənə, – deyə Həmid ona cavab verdi. Hər ikisi güldü.
– Sən orda nə yazırsan elə? – Aynur maraqla soruşdu.
– Yazı yazıram.
– O qədər yazı yazmaq olar?
– Nə bilirsən ki, çox yazıram?
– Axı mən vərəqləri sayıram.
– Doğrudan? – Həmid təəccübləndi. – Neçəyəcən saya bilirsən?
– Yüzəcən.
– Afərin. Oxuya da bilirsən?
– Əlbəttə. Mən yazmağı da bacanram, amma sənin kimi tez-tez yox.
– Eybi yoxdur, məktəbə gedərsən, tez-tez yazmağı da öyrənərsən.
– Mən sentyabrda məktəbə gedəcəyəm.
– Sən bağa kiminlə gəlmisən?
– Anamla. Anan odey, orda skamyada oturub, – deyə Aynur bağın qurtaracağını göstərdi.