Talihə içəri keçib çarpayısına uzandı. Balışı üzünə qoyub gözlərini yumdu, amma heç cür sakitləşə bilmirdi, əsəbi halı, həyəcanı keçib getmirdi. Üstəlik beynini dağıdan dəhşətli ağrı da onu üzürdü. Əslində onu haldan çıxaran elə bu ağrı idi. Nə qədər çalışdısa da özünü ələ ala bilmədi. Bu vəziyyətdə iki saata yaxın vaxt keçdi.
Məktəbdən qayıtmış kiçik qızı Aytən onun üzündən öpüb hansısa melodiyanı zümzümə edə-edə vanna otağına keçib çimməyə başladı. Birdən Talihənin yadına düşdü ki, işlə əlaqədar səfirlikdə işləyən bir tanışının yanına getməli idi. Ürəyində kiçicik, iynənin ucu boyda ümid işığı yandı. “Bəlkə bir şey çıxdı?” – deyə düşündü. Tələsik geyinib mətbəxə keçdi, özünə çay süzüb içməyə başladı.
– Hara belə? – Taleh acıqla ondan soruşdu.
– Gəzməyə, – Talihə saymazyana cavab verdi.
– Sən də Süzen kimi gəzmək öyrənmisən deyəsən.
“Süzen” ərinin hər gün televizordan tamaşa etdiyi “sabun operasrnın qəhrəmanı idi. Talehin onu bu gəzəyən qadına oxşatması Talihənin xətrinə dəydi. Ona görə də acıqla dedi:
– Hər nə var, gəzməkdə var.
– Görüm necə gedəcəksən. – Ərinin səsində hədə var idi. Bu, Talihəni təbdən çıxardı. Hər dəfə haqlı danlanandan, təqsiri üzə deyiləndən sonra Taleh qısqanc ər rolunu oynamaqla sanki arvadından qisas alırdı. İndi də Talihəyə elə gəldi ki, əri rola girib. Həyatda əsla qısqanc olmayan Talehin bu xasiyyəti onu həmişə haldan çıxarardı, indi də onu, zəhləsi getdiyi bu rolda görəcəyini düşünmək Talihə üçün dözülməz dərəcədə əzablı idi.
O, cavab vermədi, çayını içib qurtarandan sonra güzgünün qarşısına keçib üzünü, saçlarını qaydaya saldı. Çəkmələrini geyinək istəyirdi ki, Taleh qapını kəsdirdi:
– Özünü karlığa vurmusan? Sənə demədimmi heç yana getməyəcəksən?
– Bu nə danışıqdır? Bunlar nə sözlərdir mənə deyirsən? – Talihə səsini qaldırdı.
– Səndən soruşuram hara gedirsən, utanmadan deyirsən ki, gəzməyə.
– Hara getdiyimi bilə-bilə niyə soruşursan?
– Mən nə bilim hansı cəhənnəmə gedirsən?
– Çox yaxşı bilirsən, təkrarlamağa ehtiyac yoxdur.
– Səndə abır-həya qalmayıb. – Talehin gözlərindən nifrət yağırdı.
– Nə? Nə dedin? Deməli mən abırsızam, hə? Sən iş axtarmaqdansa, acından ölməmək üçün mən qapılara düşmüşəm ki, qəpik-quruş qazanım, üstəlik abırsız da oluram?
– Lazım deyil mənə sənin işin, qaxılıb otur xarabanda. – Taleh hirsindən tir-tir əsirdi.