Ağ qəm - страница 10

Шрифт
Интервал


– Mən sənə görə yox, uşaqlara görə əldən-ayaqdan gedirəm ki, sabah küçələrə düşməsinlər.

– Hələ ki, mənim maaşımı yeyirsiniz.

– Ay yazıq, sənin maaşın yavan çörəyə də çatmır. Bir ildir evin əşyalarını satıram, onun pulunu yeyirik. Daha satmağa da bir şey qalmayıb, görüm indi nə yeyəcəksən.

– Sən mənə bəhanələr gətirmə, Allah bilir hansı cəhənnəmə gedirsən.

Bu sözlər Talihənin olan-qalan səbrini də əlindən aldı. Çantasını zərblə yerə çırpıb var-gücü ilə çığırdı:

– Vicdansız! Şərəfsiz! Özünü qısqanc qələmə vermək istəyir.

Talihə hiss etdi ki, dodaqlan, burnu keyiyir. Əllərinin, ayaqlarının barmaqları bircə anın içində buza döndü. Müvazinətini itirib yerə yıxılmamaq üçün özünü güclə ələ aldı, yataq otağına keçib qapını içəridən bağladı. Çarpayıya sərilib hönkür-hönkür ağlamağa başladı. Hirs, qəzəb, hikkə, açıq dolu hönkürtü bir xeyli çəkdi. Doyunca ağlayandan sonra yo-rulub sakitləşdi. Bir saata qədər beləcə uzanılı qaldı. Bu halda özündən, ərindən zəhləsi gedirdi, həyatına nifrət edirdi.

Birdən nə fikirləşdisə, tələsik yerindən qalxdı, özünü bir babat səliqəyə salıb, geyinib evdən çıxdı. Bayaqdan onu müşahidə edən Taleh bu dəfə müqavimət göstərmədi. Hamamdan təzəcə çıxmış Aytən təəccüblə valideynlərinə baxır, nə baş verdiyini anlamağa çalışırdı.


* * *


Küçələr yenidən onu qoynuna almışdı. Sel kimi yağan yağış ara vermək bilmirdi. Yollar başdan-başa gölməçələrlə dolmuşdu. Artıq onların arasından keçib dayaz yer tapmaq mümkün deyildi. Əslində bunun mənası da yox idi, çəkmələri su içində idi. Addım atdıqca su onların içinə dolur, lırça-lırç salırdı. Paltan əyninə yapışmışdı. Yağış saçlarını, üzünü yuyur, yuyurdu. Amma o, bunların heç birini hiss etmirdi. Nə yağışın güclənib az qala şırnaqla yağmasından, nə də küləyin qalxmasından xəbəri var idi. Bircə onu bilirdi ki, gedir. Amma hara, niyə, nədən ötrü – bunlan duymaq, dərk etmək iqtidarında deyildi. Onun yağışa acığı tutmurdu, ondan zəhləsi getmirdi. Əksinə, yağış xilasakarı idi. İçindən, qəlbindən gözünə axan, oradan isə üzünə tökülən göz yaşlarını yağış yuyub aparır, yanından ötüb keçən yad adamaların yanında onu xəcalətli etmirdi. Gözləri elə hey dolub-boşalırdı. Yağış kimi onlar da yorulmaq bilmirdi.

Nə qədər yol getdiyini, hara səmt aldığını bilmirdi. Bircə onu bilirdi ki, bu yol bitib-tükənmək istəmir, bu çox uzun və əzablı yoldur. Amma onu da bilirdi ki, indi onun yeganə xilaskarı da bu yoldur. Bu yol var deyə o, ayaq üstədir, yeriyir. Bu yol onu yıxılmağa qoymur. Bu yol indi onun üçün məqsəddir, fərqi yoxdur ki, bu məqsəd mənalıdır, ya mənasız, lazımlıdır, yaxud lazımsız, amma hər halda məqsəddir.