Mən 8-ci sinfi qurtarmışdım. İstəmirdim 9 və 10-cu sinifləri oxuyum. Arzulayırdım texnikuma qəbul olum, sonralar, işləyə-işləyə instituta girərəm oxumağa.
Çox yalvar-yaxardan sonra atam razılıq verdi mənim texnikuma işimi verməyə. Bir ay Bakıda oldum o vaxt. Hədər yerə gəldik. Elə ilk gündəcə qohumlar atamı döndərdilər fikrindən:
–Nə var, nə tapmısınız bu texnikumda? Yarımçıq təhsil, yarımçıq sənət nəyə lazımdır.
İstədim etiraz edəm:
–Niyə yarımçıq olur? Texnikum da təhsil ocağıdır.
–Nədən oturub evinizdə rahat orta məktəbi bitirməyəsən?
– İki il – doqquz və onuncu siniflərdə oxumağa vaxt itirənəcən, texnikumda bir sənət alaram. Sonra da, girərəm instituta.
Atamı başa saldılar:
–Hayıf etmə uşağı. Yaxşı oxuyur, qoy qurtarsın məktəbi tam orta təhsillə, girsin insituta.
Etiraz etsəm də, nə desəm də xeyri olmadı. İşimi heç yerə verə bilməyib qayıtdım dala.
Həmin o vaxtları Solmazla tanış olmuşdum. Bacısı gilə qonaq gəlmişdi. Solmaz, arıq, utancaq, çəlimsiz bir uşaq idi (elə, mən də uşaq idim onda!). Axşamlar yığışardıq küçədəki böyük meydançaya, nə isə danışıb qaqqıldaşardıq, gülərdik. Solmaz çox vaxt sakit dayanardı, gülsə, gülərdi çox astadan. Hərdən, həyətlərində bir yerdə oturardıq. Gah da çıxardıq qırağa, buruqların fırlanan çarxlarına tamaşa edərdik. Olduqca sakit xasiyyətli, mübahisə sevməyən bir qız uşağıydı. Sonra biz getdik…
--2—
Bir-iki gün keçdi, qohumlar mənim yaşamağım üçün bir kirayə ev tapdılar. Daha doğrusu, bir qoca qadının tək yaşadığı 3 otaqlı mənzildə bir otağı kirayə götürdüm.
–Qazdır, işıqdır, istifadə edirsən, ayda 15 manat verəcəksən, – ev sahibəsi bildirdi.
– Başa düşdüm sizi, – cavab verdim.
– İki ayını qabaqcadan verəcəksən.
– Ona da mən razıyam.– mənzil işim həll olundu.
Bir balaca əl gəzdirib otağı saldım qaydaya. Günortadan sonra sənədlərimi vurub qoltuğuma üz tutdum şəhərə. Mən seçdiyim yolun düzlüyünə, məqsədimə çatacağıma inanırdım. Məqsədimsə, tarixçi olmaq idi.
Budur son iki ildə fikrimi başımdan alan, arzularımı özündə cəmləyən möhtəşəm, dördmәrtәbəli әzәmәtli bir bina! Nәһәng qartal qanadları tək yanlara açılmış bir-birinə oxşar korpuslar! Minlərlə cavanların arzu – diləyi! Universitet! Sənədlərimi verdim. Amma, bir belə gənclər, oğlan-qız çoxluğunu gördüm, qorxu canımı aldı. Yolüstü kitab mağazasından bir kitab alıb qayıtdım evə.