Qırğıgöz Səməndərə də elə bu lazım idi. Tez çöməlib oturdu süfrənin qırağına. Lavaşı götürüb arasını pendirlə doldurdu. Üstünə də göy-göyərti qoyub bürmələdi, dürmək elədi. Basdı ağzına, ovurdlarını şişirdə-şişirdə şirin-şirin çeynəyib uddu. Arxasınca kartof soyutması, onun dalınca da iki yumurta yeyib qarnını bərkitdi. Gözlərinə işıq gəldi.
– Süfrən açıq, ruzin bol olsun! – dedi.
Gözlərini süfrədən qaldırıb aralıda otlayan ata baxdı. “Pərvərdigarə! Sən heç vaxt məni darda qoymamısan, dar macalda olsa da özün imdadıma yetmisən. Şükür yaranışına!”. Ürəyində Tanrıya qabağına çıxartdıqlarına görə dua etdi.
Nəzərlərini bir xeyli atın üzərindən çəkmədi. At, özü də nə at. Kəhər at, min üstünə, düşmə yerə, ancaq çap. Adam heç belə ata yük vurmağa da qıymaz. Bəs neyləməli? Məcburiyyət insanı çox şeyə vadar edir. Gəl indi qismətindən qaç. Tanrı özü qabağına at çıxardıb. At yox e, bəslənmiş köhlən, cilovu da başında. Cilovun ucuna bir kəndir bağlanıb. Kəndir gəlir-gəlir, adamın ayağının yanında yerə basdırılmış dəmir mıxçaya bağlanır.
– Həə, sən heç demədin axı… kimsən? Buralarda nə gəzirsən? – Qırğıgöz Səməndər bir də soruşdu.
– Yol adamıyam, ağrın alım. Varıb o tərəflərə gedəsiyəm. – Əli ilə Qarayazı meşəsinin anrı tərəflərini, dağları, yaylaq yerlərini göstərdi. – Gördüm ki, gecə düşür, dedim elə burda gecələsəm yaxşıdır. Tezdən obaşdan gedərəm. Gecəykən gedib yolu tapammaram. At da ki, xamdır, hürküb eliyər, məni yıxar.
– Ayə, ağrın alım, bəs qorxmursanmı, gecə gəlib atını oğurlayarlar?
Qırğıgöz Səməndərin belə yumşaq, bir az da məlhəm danışığını ciddiliyə almadan zarafat kimi başa düşdü, elə o tərzdə də cavab verdi:
– Atı hörükləmişəm, mıxı da dizimin dibinə basdırmışam. Kim gəlib oğurlayacaq?
– Mənim kimi yoldan keçənin biri…
– Sən də söz dedin də… Gözüm görə-görə hancarı gəlib oğurlaya bilərlər?
– İndi mən göstərim, sən də tamaşa elə. Göstərimmi?
– Göstər görüm. – Bığaltı qımışdı.
– Deməli, oğru ehmal-ehmal gəlir, yaxınlaşıb dizinin dibindən mıxı çıxardır. – Qırğıgöz Səməndər ehmalca durub ona yaxınlaşdı, dartıb mıxı çıxartdı, kəndirdən aralayıb adama uzatdı. – Sən hələ bu mıxı bir tut.
Adam hələ də nə baş verdiyini anlamadan bir uşaq marağıyla Qırğıgöz Səməndərə baxa-baxa mıxı aldı.
– Kəndiri də, bax beləcə dəstələyir. – Kəndiri dəstələyə-dəstələyə atın yanına gəlib yəhərə bağladı.