Şəhrizad - страница 17

Шрифт
Интервал


Cəbrayılovun bu gün kənd klubundakı çıxışından sonra kəndliləri bir-bir çağırıb söhbət etməsi onu narahat edirdi. Hiss edirdi ki, təcrübəli Qalabəyovdan xeyli cavan olan Cəbrayılov hər bir kəsdən potensial təxribatçı, əksinqilabçı kimi şübhələnir. Yalnız məxfi əməkdaşlar onun gözündə daha inanılmışlar idi.

Bir qədər əvvəl Süleyman da onun yanına gəlib demişdi ki, Cəbrayılov ona məxfi əməkdaşlıq təklif edib. O, Süleymana demişdi ki, razılaşmaq zorundadır. Yoxsa prokurorluğa, partiya təşkilatına elə məlumatlar uydurub ötürərlər ki, Süleyman dünyaya gəldiyinə peşman olar…


***


Mehtər İsmayılın atasının ölümündən sonra anası Nəsibə havalanmışdı: – Apardılar kişini, apardılar…

      Çoban Hümbətin arvadı Nübar əllərini qoynunda cütləyib əsəbiləşdi:

– Yenə başladı… Ağız, hara apardılar kişini. Odeyy qəbiristandadır.

– Yox. Qırmızıpapaqlar apardılar… Apardılar revkoma.

– Bıy, başıma xeyir.

– Revkom uçub, uçub Revkom. Kişi də qalıb altında.

Artıq xeyli müddət keçməsinə baxmayaraq Nübar hələ də ərinin Revkomun uçmuş binası altında olduğunu düşünürdü.

Nübar Şəhrizadı qoyub gedə bilməsə də, neçə vaxt idi ki, Hümbəti məcbur edirdi ki, kolxozdan həyətyanı sahə alsınlar, ev tikib köçsünlər. Bir yandan da Nəsibənin eyni sözləri təkrar etməsi onu əndazədən çıxarırdı.

Şəhrizad eyvanda göründü. Bir qədər əvvəl Cəbrayılovun iclasda kənd camaatına Qüdsi Hacıyevin ölüm xəbərini dedikdən sonra bütün kənd pıçıldaşırdı ki, Qüdsini Məmmədrəsul öldürüb.

İndi keçmiş xanımını eyvanda görən Nübar adəti üzrə özünü yığışdırdı. Amma daha Şəhrizada xanım deyə müraciət etmirdi.

Şəhrizad bunu hiss etsə də, heç üzə vurmadı.

– Sən elə mənim bacımsan, – deyib, o özü Nübarı bu əziyyətdən

qurtardı.

– Salam, ay bacı.

– Salam, Nübar.

– İndi gəlirəm. Sözüm var.

Həyətə çıxan Şəhrizad Nübarın sözlü adama oxşadığını duymuşdu.

– Nə deyəcəkdin, buyur.

Nübar duruxdu. Bir qədər özünü toparlayıb kənddə dolaşan dedi-qodunu Şəhrizada çatdırdı. Qəhər Şəhrizadın bağrını deşirdi. İstədi ki, Nübara desin ki, "mənim qardaşım öldürə bilməzdi Qüdsini. Qüdsi öldürülən gecə qardaşım mənim yanımda, evdə idi". Amma Nübara bu sözləri deyə bilmədi. Qardaşının onlara gəlişini heç kim bilməməli idi.

Qüdsinin ölümündə qardaşının əli olmadığına tam əmin idi Şəhrizad:

– Yalandır, mənim qardaşım Qüdsini öldürə bilməzdi…