Şəhrizad - страница 18

Шрифт
Интервал


Həyət qapısından içəri girən İsmayıl ortada ayaq üstə dayanıb söhbət

edən Şəhrizad və Nübarı görüb hər şeyi anladı. O artıq bilirdi ki, söhbət nədən gedir… İnsanlar artıq öz sözlərini demişdilər. Qüdsini öldürənin Məmmədrəsul Haqverdiyev olduğuna hər kəs özünü inandırmışdı…

Həyatını verməyə hazır olduğu Şəhrizadın qardaşı haqqında deyilən bu sözlər onun xanımının da, bəyi Talıbın da üzərinə kölgə salırdı.

Özünü bu ailənin bir parçası hiss edən İsmayıl son vaxtlar az qalırdı

ki, hər şeyi atıb Məmmədrəsula qoşulsun.

İnsanın taleyi, ömrünün uzunluğu öz əlində deyil. Amma insana

ayrılmış müddət ərzində neçə günü mənalı yaşaması onun öz əlindədir…

Çətin və acılı günlərin şirin sonluğunu dadmaq yalnız mənalı ömür sürmək üçün yaşayanlara qismət olur. Çünki çoxları nə vaxtsa yaşayacaqları günə çatmaq üçün günləri, ayları sayaraq "heyhat, ömür keçdi", dedikləri anda, bir başqası növbəti anını yaşamağına davam edir. Beləcə də həmin mənalı anlar toplanaraq sonda "mən yaşadım", dedizdirir insana…

– Salam, ay İsmayıl. Hələ bir bəri dur, – bunu Şəhrizadın hələ də

yanında durub, guya ürək-dirək verən, amma əslində yarasının qaysağını qoparan Nübar dedi.

Onsuz da dilxor olan İsmayıl onların beş-altı addımlığında dayanıb, – Nübar xala, eşidirəm, buyur, – dedi.

Nübar yenə də Şəhrizada xitabən, – ay bacı, – deyib, sözünə davam etdi: – Bu gədə nə düşünür mən bilmirəm. Ədə, anan yazıqdır. Bir halal

süd əmmiş al, gətir evə, o arvada dayaq olsun.

İsmayıl bilirdi Nübar nəyə eyham vurur.

– Ay bacı, sən denən ona, nə vaxtacan subay gəzəcək?

Şəhrizad İsmayılı çox istəyirdi. Ona qardaş gözüylə baxırdı. Bayaqdan bəri Məmmədrəsul söhbətinə görə dilxor olan Şəhrizad sanki öz doğma qardaşını evləndirəcəyi qədər sevindi:

– İsmayıl, düz deyir də. Mahalın hansı qızını istəsən, sənə uça-uça

gələr…

– Yox, bir az sən də…, – deyə Nübar etirazını bildirdi.

Şəhrizad söhbətin nədən getdiyini bilməsə də, İsmayıl hər şeyi gözəl anlayırdı. İsmayıl Nübarın qızı Xoşqədəmin onu sevdiyini bir-iki ay idi ki, anlamışdı.

Nədənsə əvvəllər o, evdə olmayanda xəstə anasına bir stəkan su belə verməyən Nübar da, Xoşqədəm də xeyli dəyişmişdilər.

İndi hər dəfə evə qayıdanda Xoşqədəmi anası Nəsibənin yanında görürdü. Xoşqədəm Nəsibəyə qulluq edir, vaxtlı-vaxtında yeməyini, çayını verirdi. Xoşqədəm sanki deyirdi ki, İsmayıl, məni al, özünə arvad elə. Mən sənin anana elə baxacam ki, vicdanın yol verməyəcək məni boşayasan…