Şəhrizad - страница 2

Шрифт
Интервал


Altı qardaşdan sonra dünyaya gəldiyindən onların təsiri altında gözəl at minir, qorxmazlığı ilə qardaşlarından geri qalmırdı Şəhrizad…

Əmiraslan bəyin ailəsi, nökər-qaravaş hamısı at belində idi. Öndə Əmiraslan bəy və oğlanları, nişanlısı Talıb bəylə birgə Şəhrizadı dövrəyə alıb irəliləyirdilər. Zil qara, ağ qaşqalı Qarabağ atının belində Şəhrizad daha da cazibədar görünürdü.

Xeyli irəlilədiklərindən bir qədər dincəlməyə qərar verdilər. Nökərlər səhənglərdən parçlara su doldurub, bəylərə, qız-gəlinlərə uzadırdılar.

Arxadan at ayaqlarının səsləri gəldi. Hər kəs, səs gələn tərəfə boylandı. Mehtər oğlu İsmayıl göründü. Atını çapıb onlara yaxınlaşdı. Təşviş və təlaşla dedi:

– Bəy bolşeviklər kəndə girdilər. Muzdur Hüseynqulunun oğlu Qüdsi

onların arasındadır. Kənd əhlini divara düzüb sizin hara üz tutduğunuzu soruşdular. Bizimkilərdən cavab verən olmadı. Onda Qüdsi dedi ki, "Ə, məni tanımırsınız? Qüdsiyəm də". – Dədəm Qüdsinin üzünə tüpürüb, "Qüdsisənsə bu şərəfsizləri bura niyə gətirmisən? Dədən sağ olsaydı bağrı çatlardı", – dedi. Onlardan biri atamı güllələdi. Əkbər bəy məni göndərdi ki, sizə xəbər verim.

Əmiraslan bəy, təmkinli görünsə də, atı sanki İsmayılın sözlərindən qeyzlənib şahə qalxdı:

– Bizimlə gəl, Allah atana rəhmət eləsin. Əkbərgil onu torpağa tapşırarlar …

Atını mahmızlayan Əmiraslan bəy işarə etdi ki, yollarına davam

etsinlər. Lakin atların kişnərtisi, ayaq səsləri yaxınlaşırdı…

On-on beş nəfərlik qızıl ordu dəstəsi onları dövrəyə aldı. Bolşeviklər arasında muzdur Hüseynqulunun oğlu Qüdsini görüb tanıyan Əmiraslan bəy dilləndi:

– Nədi, gəlmisən sağ ol deyəsən?

– Bəy vaxtı çatanda sağ ol deməyi də bacarırıq.

– Nədi? Hələ vaxtı çatmayıb?

Bu zaman Qüdsinin yanında dayanmış bolşevik komandir əlini qaldırıb barmağını Şəhrizada tərəf uzatdı və Qüdsiyə sakit səslə, "bu qız kimdir?" – dedi.

Qüdsi qırmızı komandirin sualına cavab verməyə macal tapmamış Talıb bəy tüfəngini çəkib atəş açdı. Qırmızı komandir atından yerə sərildi. Atışma başlandı. Qüdsi göyə atəş açıb hər iki tərəfi sakitləşdirmək istəsə də, güllələr səngimirdi. Ağacların arxasından Əmiraslan bəyin səsi gəldi:

– Talıb Şəhrizadı da götür, gedin Şuşaya, – dedi və kiçik oğlu Məmmədrəsula səsləndi ki, – arvad-uşağı, nökər-qaravaşı Kürün qırağına apar. Biz bunları durdurarıq…