Aynaya da deyə bilməyəcəkdi.
Xoşqədəmin evə çox məyus gəlməsi Nübarın gözündən qaçmadı.
– Bir təhər dəyirsən gözümə. Olmaya o imansız xətrinə dəyib?
– Yox, ay ana… O imansız dediyin mənimlə heç kəlmə kəsmək
istəmir. Zalımın oğlu özünü elə aparır ki, elə bil danışmaq da pulnandır.
– Ağız, yəqin utanır də… Anasının da ağlı başındadır ki, desin, ay
bala, yaşın keçir, evlən.
– Nə bilim, ay ana, daha dözə bilmirəm…
– Bıy, başıma xeyir. A-a-a, sən lap ölürsənmiş ki onun üçün.
Xoşqədəm daha heç nə demədi. Dərindən ah çəkib, mütəkkəyə
dirsəkləndi…
Əhmədəli Qeybəli Cəbrayılovun yanından çıxıb kəndə qayıdırdı. O, artıq məxfi əməkdaş kimi fəaliyyət göstərəcəkdi. Cəbrayılov ona demişdi ki, gözünü dörd aç… Məlumatları vaxtında çatdır. Fərrux Söhbətovdan da qorxma. Sən artıq bizim əməkdaşsan.
Həyətə girər-girməz arvadını önündə gördü:
– Nə olub, ay arvad?
– Nə olacaq… Söhbətov yoldaş yuxudan durandan dünyanı dağıdır.
Deyir məndən icazəsiz hara gedib?
– Sən nə dedin?
– Dedim, erkək qoyun can verirdi. Apardı Leş Əliyə vaxtında
çatdırsın. Amma Söhbətovun hirsi soyumaq bilmədi, ay kişi. Başılovlu getdi məktəbə.
– Qələt eləyir Söhbətov. Gedib o axmağa deyəcəm ki, daha bizdə
qalma… Gətirib çıxarmışam ocağımın başına. Bircə gün işə getməyəndə dünyanı dağıdır?
– A kişi, gərək icazə alaydın…
– Nə icazə? Mən ona hara getdiyimi deyə bilməzdim. Yoldaş
Cəbrayılov şəxsən göstəriş verib.
– Bilmirəm, ay kişi. İndi səni işdən çıxarsa, Cəbrayılov arxanda
duracaqmı?
– Arvad, sən belə şeyləri bilməzsən. Get, işinlə məşğul ol.
Söhbətov mənə heç nə edə bilməz.
Arvadının həyəcanı bir qədər səngidi və sakit səslə dedi:
– Təki elə olsun, ay kişi. Mən nə deyirəm.
Əhmədəli daha evə girmədi. Məktəbə doğru yollanaraq yolboyu təkrarlayırdı: "Mənim arxamda ÇK durub. Söhbətov kimdir?"
Hirsindən kəndir çeynəyən Söhbətov Əhmədəlini görcək bağırdı:
– Hardaydın ə-ə-ə?
– Müdir, erkək əldən getdi: Dedim o başdannan murdar olmamış Leş
Əliyə çatdırım.
– Mənə niyə demədin?
– Müdir, sübh tezdən dedim səni qan-bağır edib yuxudan
durğuzmayım.
Fərruxun səsi yavaşıdı. Nə deyəcəyini bilmədi. Udqunub, – icazəsiz
bir də getsən, səni it kimi qovaram, – dedi.
Əhmədəli ürəyində “İt sənin dədəndir” – deyib, məktəb direktorunun
otağını tərk etdi…
4
Pambıq yığımının qızğın vaxtıydı. Axşamın ala-toranına doğru qadınlar yığdıqları pambığı çuvallarda qapanın yanına daşıyırdılar. Hesabdar İsfəndiyar bir-bir yaxınlaşan qadınların çuvallarını çəkib özündə qeydiyyat aparırdı. Şəhrizadın pambığını çəkib qeydiyyat apardıqdan sonra qıza dedi: