– Halaldır, ay Şəhrizad. Hər günün hesabatından görünür ki, ən çox
pambığı sən yığırsan. Gündəlik normanı ödəyirsən. Halaldır, vallah. Belə getsə, inşallah əmək qabaqcılı alacaqsan.
Şəhrizad heç nə demədən kəlağayısını düzəldib kəndə tərəf addımlayan qadınlara yaxınlaşdı.
– Olacaq da əmək qabaqcılı. Bizim kimi burda tər töküb sonra da
səhərə kimi evdə biş-düşlə məşğul olmur, – bunu Əhmədəlinin arvadı Gülgəz dedi.
Şəhrizad dinmədi. Amma Nübar sinəsini qabağa verib:
– Nə deyirsən ay tülkünün quyruğu, – dedi.
Kənddə hamı Əhmədəliyə tülkü Əhmədəli dediyindən, Nübarın sözləri Gülgəzi cin atına mindirdi. Odur ki, Nübarın üstünə şığıdı. Hesabdar İsfəndiyar, briqadir Alı özlərini çatdırmasaydılar bir-biri ilə saçyolduya çıxan Gülgəzlə Nübarı ayırmaq mümkün olmayacaqdı.
Aralanıb ön tərəfdə gedən Gülgəz qışqırırdı: – Mənə tülkünün quyruğu deyir… Özün nəsən sən… Bəy qızının tulası…
Baş verən dava-dalaş hamıdan çox Şəhrizada təsir etmişdi. Axı nəyə görə insanlar ondan əl çəkmirdilər. Bir neçə gün idi ki, Qüdsinin ölümündə heç bir əli olmayan qardaşı Məmmədrəsul barədə şər-böhtan deyir, bu gün də onun min-bir əziyyət bahasına hamıdan çox pambıq yığmasına qibtə edirdilər. Bəyəm o, günahkardır ki, bəy qızıdır?
Şəhrizad dərindən ah çəkdi. Səhərdən bəri ayaq üstündə işlədiyindən şişmiş ayaqları sözünə baxmırdı. Bir yandan da Gülgəzin Nübara “Bəy qızının tulası”, – deməsinə lap çox üzülürdü…
Kənddə Talıb qədər ikinci savadlı yox idi. Onu məktəbə müəllim götürməsələr də, əlacsız qalıb kolxoza mühasib götürmüşdülər. Kolxoz sədri Süleyman savadsız olduğundan onun da, kolxozun da bütün yazı-pozu işlərini Talıb aparırdı.
Hesabdar İsfəndiyar bu günün yığım qeydlərini yazdığı dəftəri gətirib Talıbın stolunun üstünə qoydu. Talıb dəftəri açıb əmək günü kitabına göstəriciləri köçürərkən gözü Şəhrizadın bu gün də hamıdan çox pambıq yığdığını göstərən rəqəmlərə sataşdı. Dünyada ən çox sevdiyi insanın, Şəhrizadın uğurlarına sevinən Talıbın dodağı qaçsa da, ürəyindən qara qanlar axdı. O cür naz-nemət içində yaşamış xanımının hər gün qızmar günəş şəfəqləri altında qul kimi işləməsi Talıbı çox üzürdü. Hər gün bir yastığa baş qoyanda arvadının vaxtilə bir cüt göyərçini xatırladan əllərinin necə kobudlaşdığını, qabardan xətt-xətt olduğunu görürdü.
Talıb neçə dəfə istəmişdi Şəhrizada desin ki, pambığa getmə. Amma anlayırdı ki, bu, mümkün deyil. Onsuz da ağzıgöyçəklər onlara hələ də sinfi düşmən kimi baxırdılar…