Əhmədəli Gülgəzə baxdı, Gülgəz də Söhbətova.
– Ay direktor, kimdisə de, biz də qabağa düşək, görək kimdir.
Fərrux pəncərəyə tərəf baxıb:
– Yox əşşi, uzağa getmək lazım deyil.
– Vallah, mən andıra bilmədim.
Fərrux daha sözü uzatmağın yersiz olduğunu görüb dedi:
– Qızınız Aynanı istəyirəm…
Gülgəzin elə bil indi dili açıldı. Bayaqdan bəri o susqunluğunu
qoruyub saxlasa da, indi daha Fərruxdan utanmadı da:
– Bıy, ay yoldaş Söhbətov, böyük qız dura-dura Aynanı sənə
verə bilmərik. Bir də ki, Ayna səndən çox uşaqdır. Alınmaz bu iş…
Əhmədəli çevrilib arvadına baxdı. Arvadı başı ilə Əhmədəliyə yox dedi. Yəni fikrim qətidir.
– Hə, alınmaz, ay direktor. Böyük qızı verməmiş, onu kimə
verə bilərik ki…
Fərrux Əhmədəlinin böyük qızını görmüşdü. Bayaq Aynanın onu şillələyib əlindən çıxması qıza olan ehtirasını artırmışdı. Artıq o nəyin bahasına olursa-olsun, məhz Aynanı ələ keçirmək istəyirdi. Hələlik isə ortanı səngitmək üçün dedi:
– Mən gözləyərəm. Siz də böyük qızı bir az tez baş-göz edin ki…
Gülgəz:
– Allah qismətini versin. Xeyirlisi. Amma ona hələ çox var… – dedi və qapıya tərəf getdi.
Əhmədəli də sağollaşıb qapıdan çıxdı.
Həmin gün alt evdəkilərdən daha bir səs çıxmadı. Fərrux ac-susuz
yatsa da, şükür elədi ki, Ayna baş verənləri valideynlərinə danışmayıb. Gözlərini yumub yatmağa çalışdı. Xəyalının bir ucunda gənc, dəli ceyranı xatırladan Ayna, o biri ucunda da yaşıdı, dünyalar gözəli Şəhrizad. Xəyalən gah Aynanın, gah da Şəhrizadın yanında olurdu. Birdən at belində Şəhrizada tərəf gələn Talıbı gördü. Tez gözlərini açdı. Yuxusu ərşə çəkilmişdi… Masa üstünə kağız-qələm qoyub oturdu. Moskvaya, Mərkəzi Komitəyə və Fövqəladə komissiyaya Talıbın bu günə kimi azadlıqda qalması barədə donos yazacaqdı…
***
Bu yaz erkən quzuların sayı çox idi. Talıb İsmayılı da götürüb mal bazarına satmağa quzu aparırdı. Erkən quzuları satıb şişək alacaqdılar. Hümbət də bu gün qoyunları tövlədən çıxarmayıb onlarla gəlmişdi. Quzuları qabaqlarına qatıb üzü bazara doğru getdilər…
Sibir Qəzənfər Tərtərin sahili ilə qardaşı, sədr Süleymanla
pambıq sahələrinə baxa-baxa gəlirdilər. Birdən ön tərəfdən bərk şappıltı gəldi. Atlarını yeyinlədib üzü Kürə tərəf çapdılar. Axan çayın ortasında bir qadının suya batıb-çıxdığını gördülər.
Süleyman Sibir Qəzənfərdən cavan olduğundan atını durdurub gimnastyorkasını çıxartdı. Cəld atdan enib Tərtərə baş vurdu. Sibir Qəzənfər də sahədəki kəndlilərə səslənib köməyə çağırdı. Süleyman üzə-üzə özünü batan qadına çatdırıb bir əli ilə qadının qolları altından yapışdı, o biri əli ilə isə üzməyə çalışdı.