Şəhrizad - страница 27

Шрифт
Интервал


…İsmayıl bəy paltarında idi… Hər tərəf al-əlvan bəzədilmiş, ətraf yamyaşıl, gül çiçək idi. Gəlinlik paltarında olan Şəhrizad duvağını üzünə salmışdı. O, qızı atın tərkinə alıb Kürün sahilindəki göy çəmənliyə çapdı. Sanki bu çəmənlik onların gərdəni, evliliyin ilk gecəsinin məskəni idi… İsmayıl Şəhrizadın gözlərindən aləmə saçdığı işıqdan sanki gözləri qamaşacaqdı deyə, Şəhrizadın duvağını qaldırmamış gözlərini yumub, duvağı qaldırdı. Onların dodaqları bir-birinə toxundu. Biri o birini öpüşlərə qərq edirdi. Bir-birindən doymaq bilmirdilər. Soyundular… Şəhrizad onun idi. Dəlicəsinə sevdiyi Şəhrizad. Daha onun gözlərinə baxmaqdan qorxmurdu… İsmayıl gözlərini açdı. Dünyanın ən xoşbəxti idi. Sinəsi üstündə uzanmış sevgilisinə baxdı… Aman Allahım, bu ki Xoşqədəmdir. Nə baş verir, mən neylədim… Yuxusu ilə indi baş verənlərdən nəyin gerçək, nəyinsə sadəcə yuxu olduğunu anlaya bilməyən İsmayıl yerindən dik atıldı…

Anası yerində yox idi. Cəld əynini geyinib həyətə qaçdı. Həyət qapısının ağzında anası onu görüb, – Sənə qurban olum, ay bala, qızı qaçırt dayıngilə. Bizim toy etməyə halımız yoxdur. Mən Nəsibəni başa salaram, – dedi.

Əlacsız qalan İsmayıl Xoşqədəmin dalınca daxmaya doğru getdi…