Şəhrizad - страница 7

Шрифт
Интервал


Fərrux yol boyu, yaşadığı evə addımladıqca fikirləşirdi ki, bəy oğlu Talıb necə də xoşbəxtdir. Onun Şəhrizad kimi bir xanımı var. Nədən bu qədər inqilab etmişik. Əzablarla, əziyyətlərlə quruluşu devirmişik ki, bu bəy oğlu kef eləsin…

Əhmədəli Fərruxun dilxor olduğunu hiss edib, arvadı Gülgəzə səsləndi:

– Tez elə, çay gətir. Fərrux yoldaş yorğun qəlib.

– Gəldim ay kişi, indi gətirirəm.

Fərruxun gözü yerə sərilmiş gözəl xalçaya, onun üstündəki döşək və mütəkkələrə sataşdı. Döşəyin üstünə yayxanıb dirsəkləndi:

– Nə gözəl xalçadır?

– Bu xalçanı bəy evindən çırpışdırmışıq. Ara qarışanda gecə gətirdim. Görən olmadı. Bildiyimə görə bu xalçanı bəy qızı Şəhrizad öz əlləri ilə toxuyub. Mahalda bu gözəllikdə xalça yoxdur.

– Sənin oğurluq etməyin də var? Aman Allahım, sən oğrusan…

Gülgəz sinəsini qabağa verib, – Ay yoldaş Söhbətov, bu başı batmışa fikir vermə. Özünə böhtan deyən bambılıdır… Bu xalça da yaylağa gedəndə ara qarışdı, bizdə qaldı…

Fərrux əlini xalçanın üzərinə sürtdü. Bu xalçanın hər ipinə, ilməsinə Şəhrizadın əlləri toxunmuşdu. Gözlərini qapadıb Şəhrizadı xəyalında canlandırırdı:

– Şəhrizad belə xalça da toxuya bilir?

– Ehh, Fərrux yoldaş, o müsibət başlarına gəlməsəydi indi nə qədər

gözəl xalçalar toxumuş, tikmələr tikmişdi.

– Hansı müsibətdən danışırsan, Əhmədəli? Olmaya inqilabı deyirsən? Yoxsa ağlını itirmisən?

– Yox əşşi, Sovet hökumətinə mənim canım da qurbandır. Siz nə danışırsınız… Mən atasının və qardaşlarının güllələndiyi müsibəti deyirəm. Talıb bəyimizin qırmızı komandiri öldürdüyü… – Əhmədəli duruxdu. Dili topuq vurdu. “Aman Allahım, mən nə danışıram…” Kənd axundu Əhmədiyyə ağa bütün kəndi qurana əl basdırmışdı ki, bu söhbəti dilə gətirməsinlər.

– Ay qız, Gülgəz, çay nə oldu, – deyib, aradan sivişmək istəyən Əhmədəlini Fərrux durdurdu.

– Nə oldu? Hara gedirsən? Talıb hansı komandiri öldürüb? Danış…

Artıq gec idi. Qul kimi qarşısında əsdiyi Fərrux ondan əl çəkməyəcəkdi. Oxu atıb, yayı gizlədə bilmədi, – yoldaş Fərrux, Şəhrizadın atasını da, qardaşlarını da, Talıb qırmızı komandiri vurduğuna görə, öldürdülər…

Həmin gecə Fərrux səhərə kimi yatmadı. Bakıya, Fövqəladə Komissiyaya donos hazırlayırdı: “Qırmızı komandiri qətlə yetirən qatı inqilab düşməni Talıb Əmiraslan oğlu Haqverdiyev Amanbəylidə əksinqilabi fəaliyyətini davam etdirir”.