– Ağa, mənəm, Hümbət. Məni tanımadınmı?
Məmmədrəsul heç nə demədən arxası tərəfə çəkilib, – gəl dalımca, – dedi. Öndə işıqlıqda o ağasının sifətini tam yəqinliklə gördü. Bir vaxtlar mahalın ən laçın oğlu olan Məmmədrəsul sərtləşib kişiləşmişdi.
– Ağa, Allah razı olsun. Sən olmasaydın canavarlar məni parçalayacaqdı.
– Ay gədə, burda neynirsən. Düzünü de. Yoxsa mənim dalımca
göndəriblər səni?
– Qurbanın olum, ağa, yuxuya qaldığımdan qoyun-quzunu itirmişəm, sanki qeybə çəkiliblər. Sürünü axtara-axtara gəlib bura çıxmışam.
– Yalan deyirsən, məlun. Səni bura öyrədib göndəriblər, – artıq xeyli
müddətdi ki, Məmmədrəsul bəylə meşələrə çəkilən, Ağcabədinin Kəbirli bəylərindən olan Soltan bəy dilləndi.
Neçə vaxtdı ki, meşədə həyat sürən Soltan bəy sanki vəhşiləşmişdi. O
hər kəsdən şübhələnirdi.
Hümbət: – Ağa, niyə hirslənirsən, bizim nəsildən satqın çıxmayıb,
bunu Məmmədrəsul bəydən də xəbər ala bilərsən.
Məmmədrəsul hələ də sərt və səbirsiz olaraq qalırdı:
– Eh Hümbət, bəylik qoydular ki, qalsın bizdə. Sən mənə de görüm
Şəhrizad necədir, Talıbdan nə xəbər?
– Ağa, hamı yaxşıdır. Təkcə səndən nigarandırlar. Mehtər oğlu
İsmayıl deyirdi ki, Şəhrizad xanım qardaşı Məmmədrəsulu görmək üçün bütün dünyanı qurban verər…
– Kimə qurban verəcək bu dünyanı, bolşeviklərə? Dünya onlara qalmayacaq… Qisasımı almayınca, bacıma de, dünyadan əl çəkən deyiləm.
– Ağa, bəs mənim qoyunlarım?
Məmmədrəsul ucadan şaqqanaq çəkib güldü:
– Ə qırışmal, sənin qoyunların var? Bizim qoyunlar nə tez sənin
oldu? Arxa tərəfdə dərədədir, götür apar. Bacıma da de ki, gələcəm…
***
Hümbətin gəlib çıxmaması kənddə hamını təlaşlandırmışdı. Kənd
sovetinin sədri Sibir Qəzənfər camaatı səfərbər etmişdi. Hamı əllərində məşəl Soltanbuda tərəf gedib Hümbəti axtarırdı. Səhərə yaxın kəndlilər uzaqdan qaraltı gördülər. Sibir Qəzənfər atını ora çapdı. Hümbətə yaxınlaşıb şallağını çəkdi onu vursun:
– Hardaydın, ə. Camaatı qanbağır eləmisən. Arvadın saçın yolur.
– Qəzənfər qağa, azmışdım.
– Gəl tez ol, düş qabağıma…
Kəndin ağsaqqalı olan Sibir Qəzənfər özündən cavan olan kənd əhlinə övladı kimi baxırdı. Kənddə də hər kəs onun bir sözünü iki eləmirdi.
Kəndlilərin hələ uzaqda olduğunu görən Sibir Qəzənfər atın
üstündən Hümbətə səsləndi:
– Yaxın gəl və mənə diqqətlə qulaq as. – Hümbət yaxınlaşdı. – Bir də gedib başını qurd yuvasının ağzına soxma. Öz ağzını da möhkəm saxla…