Hə, qonşuların məndən şikayət eləməməsi məni bir az da ürəkləndirirdi. Muğamatdan xalq mahnılarına qədər, xalq mahnılarından aşıq mahnılarına qədər nə gəldi, oxuyurdum. Söz sarıdan da kasadlığım yox idi. Bir qalın dəftərim vardı, eşitdiyim hər təzə mahnını dərhal ora yazırdım. Sonra başlayırdım məşq eləməyə. Bir-iki dəfə oxuyandan sonra olurdu halalca malım… İndi, mahnı kitabındakı bütün mahnıları əzbər bildiyimi görən oğlanlarım hərdən məndən soruşurlar ki, ay ata, bu qədər mahnının sözlərini necə yadında saxlayırsan? Nə bilim, heç özüm də bilmirəm, elə bil o sözlər mənimlə birgə doğulub.
Kəndimizin çox qəribə coğrafi mövqeyi var. Rəhmətlik Müseyib əminin evinin dalından ucsuz-bucaqsız düz başlayır. Nahaq yerə kəndə Çəmənli demirlər ki… Əgər Sovet hökuməti o düzləri əkib-şumlayıb yerində pambıq əkməsəydi, doğrudan da buralar möhtəşəm bir çəmənlik olardı. Köhnə kişilər özlərinə yurd yeri seçəndə, seçdikləri yerlərə düzgün ad verməyi də bacarırdılar. Əslində, Çəmənli bir neçə obanın ümumi adıdır. Kəndin irili-xırdalı obaları var. Burada «var idi» sözünü işlətmək daha düzgün olardı. Çünki, obalar arasında olan boş torpaqlar çoxdan yeni doğulan nəslin həyət yerlərinə çevrilib. Mənim uşaqlıq çağlarımda obalar bir-birindən aralı idi. İndi Sarısöyünlüdən Zilfilərə, oradan Bala Qışlaqla Orduqalı obasına, oradan da Böyük Qışlağa keçsən, hiss etməzsən ki, bir obadan o biri obaya keçdin. Sizin sadiq bəndəniz Sarısöyünlü obasında dünyaya göz açıb. Qeyd elədim ki, Müseyib əminin evinin dalından göz işlədikcə uzanıb gedən bir düzənlik başlayır. Bir az solda kiçik bir çəkil (tut) bağı vardı. Bu çəkil bağı Müseyib əmi ilə onun qardaşı – mənim babam Usubun ata mülkü olub. Sovet hökuməti o bağı da alıb qatmışdı kolxozun sahəsinə, amma haqq üçünə, o bağ elə bağ kimi də qalırdı. Bağ deyəndə orada turş nar kollarından, bir də çəkil ağaclarından başqa heç nə yox idi. Hə, bəzi çəkil ağaclarının yanına üzüm də əkmişdilər. Avqustun sonlarında tut sovulanda məskənimi dəyişir, ya həmın bağa ya da kəndimizin yanındakı meşəyə, gedirdim.
Haşiyə içində haşiyə:
Biri var idi, biri yox idi…
Bütün nağıllar belə başlanır. Əvvəlcə, qayğısız yaşayan bir şahzadə ilə şər qüvvələrin tilsimə saldığı sadə kəndli qızı olur, sonra elə həmin şər qüvvələr onları bir-birinə göstərərək, ürəklərinə eşq atəşi salır, onlar da gecə-gündüz bu atəşə yanaraq, bir-birlərinə qovuşmaq üçün sevda yollarına çıxırlar. Çox müsibətlərdən sonra iki aşiq bir-birinə qovuşur. Adətən, bütün nağıllar xoşbəxt sonluqla bitir. Sizə danışmaq istədiyim nağıl isə çox qəmlidir. Başqa nağıllardan fərqli olaraq, bu nağıl pisliklərlə vuruşan ağ atlı bir şahzadənin qələbəsi ilə bitməyəcək. Bu nağılda heç şahzadə də olmayacaq. Çünki bu nağıldakı hadisələr baş verəndə, şahları çoxdan taxtından salıb, yerində özünü dünyanın ən nadir nümunələrindən sayan yoldaşlar oturmuşdular.