Dəli Çəmənli - страница 14

Шрифт
Интервал



Ağdam məscidi


Mən bir zamanlar «yaxşı oxuyan», hər gün məktəbin radiosunda çıxış edən, sinif yoldaşı Şahin Günəşli ilə sinifləri bir bir gəzərək, pis oxuyan şagirdləri «tilova» salan, «tərbiyəli» ad çıxaran Vahid Qasımov adının tamamilə unudulduğunun şahidi oldum. Zaman mənim el-obaya olan soyuqluğumu bağışlamamışdı. Heç həmkəndlilərim də bağışlamamışdı. Sevimli müəllimlərim Bayram müəllimin, Şəmsəddin müəllimin, Allahverən müəllimin, Eyvaz müəllimin, dostum, sinif yoldaşım Allahverənin yadında qalsam da, çoxları məni tanımadı. Mən, daşını-kəsəyini belə öpüb, gözümün üstünə qoymağa hazır olduğum Çəmənlidə yad olmuşdum. Nəinki mən, mənim atam aşıq Valeh də, anam Pərizad da unudulmuşdu. Ata nənəm seyid Aynadan (nənəm Başlıbel seyidlələrinin nəslindən idi. 1935—1936-cı illərdə köçüb Qarabağa, Çəmənli kəndinə gəlmişdilər), ana nənəm Aynadan, ata babam Abbas kişidən, ana babam Usub kişidən heç danışmağa dəyməzdi. Deyiləsi dərd deyildi.

Bir zamanlar mənim ağlıma gəlmişdi axı bunlar…


Çəmənli mənzərələri

Haşiyə:

Mən gedəndə Çəmənlidən…


Ağlım kəsəndən şer-sənət vurğunuyam. Hardan dolub ürəyimə, – bilmirəm. Amma, musiqi səsi məni bir anlığa da olsa yolumdan saxlayır, ürəyimə bir sərinlik, bir arxayınlıq gətirir. Uşaqlıqda ala-babat səsim də olub. Bunu mən demirəm, bunu qonşularım, sinif yoldaşlarım, müəllimlərim deyirdi. Bu da mənə qanad verirdi. Yay günləri tarlalarda işləyərdik. Günorta istirahət üçün evə gələrdik. Allahın verdiyindən yeyib-içib hərə bir yerdə dincələrdi… məndən başqa. Mən dırmanardım tut ağacına, başlayardım oxumağa… saatlarla oxuyardım. Yazıq qonşularım, nələr çəkiblər mənim oxumağımdan…Amma təəccüblüdür ki, bir dəfə də olsun, kimsə atama-anama şikayət eləmədi. Tut ağacının budağının ucuna qədər çıxardım. Ağac deyirəm ey sizə, gövdəsini üç adam qucaqlaya bilməzdi. Həyətimizdə iki tut ağacı vardı. Biri o üç adam qucaqlaya bilməyən gövdəsi olan, o biri də ondan bir az nazik…Nazik tut ağacı indi də durur. O biri isə hürriyətin ilk illərində, soyuqlu bir qış günü Əyyub kişinin baltasının qurbanı oldu. Əslində, bu ağac da o qədər nazlk deyil. Bu yaz getmişdim kəndə. Tut ağacımızı ziyarət elədim. Başımı qaldırıb ağaca baxdım. Dedim, Allah, Allah, mən bu ağaca necə çıxırdım? İndi onun ucuna nədi, heç boğazına da çıxa bilmərəm.