Bu yoldaşların başı kommunizmin əsaslarını qurmağa qarışanda meşə öz keyfində idi. Yazda yarpaqlayıb çiçək açır, payızda saralıb solur, qış aylarında dərin yuxuya gedir, ilıq bahar şəfəqləri ilə yenidən oyanıb öz qeyri-adi həyatını yaşamağa başlayırdı. Əslində, bu meşə elə sən deyən böyük deyildi. On-on beş hektar ola, ya olmaya. Amma bu on-on beş hektarlıq meşə bir cənnətməkan idi. İlimiz on iki ay meşənin üstündə bir parça bulud olardı. Yayın qızmar günündə əlini işdən ayırıb beşcə dəqiqəlik meşəyə girəndə elə bilərdin ki, tamam başqa bir aləmə düşdün. Bir sərinlik, bir rahatlıq, bir xoş əhval-ruhiyə insanı ağuşuna alardı. Çox uçarın-qaçarın sığınacaq yeri idi meşəmiz. Adamın inanmağı gəlmirdi ki, traktorların gur-gur guruldadığı tarlaların cəmi beşcə addımlığında kirpilər, tısbağalar, ilanlar, qurbağalar, dovşanlar nə bilim, ta nələr, nələr bu qədər azad, rahat yaşaya bilər. Agacların üstü bülbüllərlə, torağaylarla dolu olardı. Baharda arıların vızıltısından, yayda cırcıramaların cırıltısından qulaq tutulardı. Meşəyə girəni hər canlı oz dilində salamlayardı. Düzdür, meşəmiz meyvə ağaclarından kasad idi, ancaq axtarsan alça, əncir, üzüm tapardın. Amma turş nar sarıdan bolluq idi. Yayın cırhacırında kal nar meyvələri ilə əməlli-başlı döyüş əməliyyatları keçirərdik. Meşədən heç kim nar yığmazdı. Bu turşməzə meyvələr qışın oğlan çağına qədər budaqlarda qalar, üstünə bircə dəfə qar düşdümü, – bal kimi olardı.
Uşaqlığımın ən şirin çağları bu meşə ilə bağlıdır. Hər gün, heç olmasa bircə dəfə də olsa bu meşəyə girərdim. Əlimi qulagıma verib başayardım oxumağa. Burada oxumaq mənə ləzzət verərdi. Bu meşə Sarısöyünlü obasının bəzəyi idi.
Zaman keçdikcə meşəyə sahib çıxmaq istəyən adamlar peyda olmağa başladı. Küncdə-bucaqda hasarlanmış yerlərə rast gəlirdin. Amma bu hasarlar biz cocuqlara mane ola bilməzdı. Onları istədiyimiz yerdən yarıb keçər, ürəyimiz istəyən kimi əylənərdik.
Meşənin kənarında bir palıd ağacı vardı. Adına «ehsan palıd» deyərdilər. Rəhmətlik Salman kişi əkmişdi o palıdı. (İndi Salman kişinin nəvə-nəticələri o palıd ağacı kimi qollu-budaqlıdırlar, maşallah!) Ağac o qədər böyümüşdü ki, o qədər yayılmışdı ki, iki-üç adam onu güc-bəla ilə qucaqlaya bilərdi. Meşəyə kim girsə, mütləq bu palıdın kölgəsində dincini alar, sonra elə oradan başlayaraq meşənin dərinliklərinə doğru aparan cığırlairəliləyər, könlünü-ruhunu təzələyərdi.