Hər deyilən sözdə bir ilahi güc, hər yazılan yazıda bir tarix yaşayır. Mənim dünyanın tarixi ilə bir işim yoxdur. Qoy, dünyanın tarixini dünyada yaşayan insanlar yazsın. Dünyanın xəritəsində kiçicik bir nöqtə olan, lakin sevgisi köksümə sığmayan doğma Çəmənlimin tarixi mənim ruhuma daha yaxındır. Düzdür, hər deyilən söz bir tarixdir, amma mən tarix yazmamışam. Mən, Çəmənlidə mənimlə bir zamanda yaşayan insanların sevgisindən söz açmışam. Kiçicik bir zaman kəsiyində gördüklərimdən, duyduqlarımdan yazmışam. Əminəm ki, kəndimin gələcək övladları bu ənənəni davam etdirəcək.
Kitabın hər sətrini oxuyanda üzünüzə xoş təbəssüm qonacaq, xəyalların qanadlarında öz kəndinizə, öz uşaqlığınıza dönəcəksiniz. Bu kitabı öxuduğunuz dəqiqələrdə mən də sizinlə olacam, sizinlə sevinəcəm, sizinlə kədərlənəcəm.
Amma kədərimiz az olacaq. Lap az… Olan da sadəcə təəssüf hissi:
– Aman Allah, ömür nə tez keçdi…
Bayaq dedim ki, əlinizdə tutduğunuz bu kitab yaşadığım, duyduğum həyatın bir parçasıdır. Bu həyatın müxtəlif anlarında mənimlə yanaşı addımlayan insanların zəhməti var burda… Hər kəsdən bir söz, bir cümlə, bir fikir ərəsəyə gətirib bu kitabı. O insanları bir-bir xəyalımda canlandırır, içimdə pöhrələyən minnətdarlığımı onlara bildirmək istəyirəm.
Ən birinci, məni dünyaya gətirən, duyğulu böyüdən anam Pərizada, atam Valehə bir övlad minnətdarlığımı bildirirəm.
Çəmənli torpağında doğulan, yaşayan hər bir həmkəndlimə sevgilərim, sayğılarm sonsuzdur. Mənim müasirlərim, ağsaqqallarım, ağbirçəklərim sizə minnətdaram. Həyatımın ən gözəl anları sizinlə bağlıdır. Sizin hər birinizi görəndə sevindiyim qədər heç zaman belə sevinməmişəm. Sizin hər biriniz mənim könlümün tacısınız. Mən sizi çox sevirəm.
On il nazımı çəkə-çəkə mənə elm öyrədən, tərbiyələndirən sevimli müəllimlərim Musa müəllimə, Səlbi müəlliməyə, Qara müəllimə, Bayram müəllimə, Kamil müəllimə, Şəmsəddin müəllimə, Sabir müəllimə, Xosrov müəllimə, Fərzəliyev Allahverən müəllimə, Paşayev Allahverən müəllimə,, Məmməd müəllimə, Zülfüqar müəllimə, məndə rus dilinə maraq oyadan İsmayıl müəllimə, Quliyev Musa müəllimə, Eyvaz müəllimə – bir sözlə, məktəbimizin bütün müəllimlərinə dərin minnətdarlığımı bildirirəm.
Şerlərini sevə-sevə oxuduğum, mənim qəlbimdə şerə, sənətə dərin məhəbbət oyadan, ilk şerimin ilk oxucusu Şahmar Əkbərzadəyə dərin minnətdarlığımı bildirirəm.