Uzun illər mənimlə dostluq edən, ən çətin anlarımda yanımda olan, dərd-sərimi bölüşdüyüm səmimi insan – dostum Mahir Hacıyevə dərin minnətdarlığımı bildirirəm. Əziz dostum, bu kitabın hər vərəqində, hər sətirində sənin səsin, sənin incə, mehriban qəlbin yaşayır.
İllər boyu mənimlə çiyin-çiyinə çalışan, gündəlik qayğılarımla maraqlanan, dərdimə şərik olan, sevincimə sevinən iş yoldaşlarıma minnətdaram. Şairi yaşadan diqqətdir. Həmişə mənə qarşı diqqətli olmusunuz. Sizinlə həyatda üz-üzə gəldiyimə görə, ömrümün enişli-yoxuşlu yollarında sizinlə birgə addımladığıma görə çox xoşbəxtəm.
Mömin ziyalı kimi sevib, xatirini əziz tutduğum Mir Yusuif Ağaya minnətdaram. Sizinlə olan ünsiyyətim mənim qarşımda yeni mənzərələr açdı. Ağdam camaatının sizə olan sayğıları sonsuzdur. Siz öz səmimiyyətinizlə Qarabağ torpağının ən urvatlı məkanı olan Seyid Lazım Ağa ocağının nurunu artırır, onu daha da şərəfləndirirsiniz.
Kitabın ərəsəyə gəlməsində təmənnasız olaraq böyük fədəkarlıq göstərən əziz ellim, şair-publisist Vidadi Ağdamlıya dərin minnətdarlığımı bildirirəm.
Bundan başqa, kitabın ərəsəyə gəlməsində maddi yardımını əsirgəməyən dostum, sinif yoldaşım Allahverən Əliyevə öz minnətdarlığımı bildirirəm.
Həyat yoldaşım Təranə xanıma, övladlarım Valehə, Aydına dərin minnətdarlığımı bildirirəm. Siz olmasanız bu kitab da olmazdı. Səbrinizə, sevginizə, sayğınıza görə çox sağ olun.
Əziz oxucularım, sizə minnətdaram. Oxuduğunuz sətirlərdə qəlbinizi oxşayan tək bir cümlə olsa, deməli zəhmətim hədər getməyib.
Mən, Vahid Cəmənlinin”Dəli Çəmənli» kitabının əlyazmasıni oxuyandan sonrabu kitaba ön söz yazmağı özümə borc bildim. Belə qənaətə gəldim ki, bu kitab qəriblikdə çırpınan bir ürəyin döyüntüləridir. Doğma Qarabağa sevgi və həsrət bu kitabdakı hər bir yazının əsas sujet xəttidir.
23 iyul 1993 cü ildə Ağdam şəhəri və ona yaxın olan kəndlər işqal olduqdan sonra, Çəmənli kəndi də döyüş bölgəsinin qaynar nöqtələrindən birinə çevrilmişdi. Qarabağın işğal olması, Çəmənli kəndinin hər gün düşmənlər tərəfindən atəşə tutulması şairi narahat etmiyə bilməzdi. Bəli, bu kitab yuxusuz gecələrin, Vətən həsrətini çəkən bir şairin ürək çırpıntılarıdır.Kitabda müxtəlif mövzuda yazılan əsərlərdə dil, üslub xüsusiyyətləri gözəl işlənmişdir. Əsərdən görünür ki, şair harda olur olsun, hətta vətəndən uzaqda da olsa belə, həmişə gözləri Qarabağı gəzmiş, onunla nəfəs ala-ala yaşamışdır. Vahid Çəmənli özünü Vətənin bir damlası kimi görür və dediyi kimi damla dənizə can atdığı kimi, o da hər an Vətənə qovuşmağa can atır. Kitaba «Lə ilahə İllallah”kəlməsiylə başlayan Vahid Çəmənli, ümidini Allah dərgahından üzmür. Məhz buna görədir ki, kitab, Ağdamın tanınmış seyidlərinin biri olan Seyid Lazım Ağaya xitabən yazılan misralarla başlayır. Şair Ağdamı, Ağdam məscidini düşündükgə için-için yanır və dərdini kağıza köçürməklə ürəyini boşaldır. Lakin Qarabağ torpağı, doğma Ağdam azad edilməyincə şairin ürək yanğısı soyuyan deyil. O inanır ki, çox yaxın bir zamanda bütün Qarabağlılar kimi, onun da həsrəti bitəcək, doğma ocağına – Qarabağaına, Ağdamina qovuşacaqdır.