Bundan başqa, şair, yazılarında ata-ana, qardaş-bacı, insan sevgisini, onların bir-birinə sadiqliyini gözəl çalarlarla işləmişdir. Bu indiki gənclər üçün də bir həyat dərsidır. Əsərlərin birində şair Vətən bayrağını müqəddəs tutan igid qəhrəmanlarımızdan olan, Ramil Səfərovdan da söz açır. Vətən övladlarını Vətənə, üçrəngli bayrağımıza sadiq olmağa çağırır. Mən deyə bilərəm ki, bu kitab çoxşaxəli, hər bir gəncə lazım olan bir kitabdır. Kitabdakı əsərlər çox rəvan Qarabağ ləhcəsində yazılıb. Ümidvaram ki, Vahid Çəmənli bu cür yazılarla bizi hələ çox sevindirəcək.
Hörmətli dostum Vahid Cəmənliyə yeni ədəbi uğurlar arzulayıram!
Hörmətlə
şair-publisist
Vidadi Ağdamlı
09 may 2016-cı il.
Hüzuruna gəlmişəm,
Lə ilahə İlləllah.
Sənə könül vermişəm,
Səndən dönmərəm billah.
Eşqim, amalım QURAN,
Məhəmməd Rəsulallah,
Məhəmməd Həbibullah,
Dostlarım – Haqq dostları,
Əhli-Beyti Nurullah,
Lütvünlə məsud elə,
Kərəm eylə, Ya Allah!..
Sənsiz olsam Ya Həkim,
Sənsiz olsam Ya Əziz,
Ərşə çıxan ahımı,
Söndürə bilməz dəniz…
Nəsib eylə, yaşayım
Həyatımı tərtəmiz,
Sızlayan yaralara
Məlhəm eylə, Ya Allah!!!
Səndən başlar dirilik,
Əvvəli, Axiri sən…
Sən Xaliqsən, sən Qüddüs,
Həyatın təməli sən…
Sən Əzimsən, sən Xəbir,
Əliyyü, Vəliyyü sən…
Məni yolunda sabit
qədəm eylə, Ya Allah!
Ağdam mənzərələri
Əvvəlcə ürəyimdən Sizə salam vermək arzusu keçdi. Salam Allah kəlamıdır. Mənası «sizə sülh olsun» deməkdir. Dədə-babalarımızın buyurduğuna görə yetmiş savabı var. Altmış doqquzu salam verənə, biri salam alana düşür. Amma bu gün mən salam alanam. Salamı böyüklər verər. Mən nəkarəyəm? Mən, ulu Vətənim Azərbaycanımın, cənnət Qarabağımın, toy otağı Ağdamımın, beşiyim Çəmənlimin bir zərrəsiyəm. Zərrə nə vaxtdan böyük oldu? Ona görə də boynumu büküb üzümə dəyən həzin vətən mehinə, onun gətirdiyi gül-çiçəyin ətrinə «əleykümə-salam!» deyirəm. Sinəsi dağlı dağlarıma, həsrətdən saralan bağ-bağcalarıma «əleykümə-salam!» deyirəm. Salam Allah kəlamıdır. Allah, dağların, meşələrin, bulaqların, otların, çiçəklərin, yarpaqların dili ilə danışır. Dağlara, meşələrə, bulaqlara, otlara, çiçəklərə, yarpaqlara «əleykümə-salam» deyirəm. Böyüklük göstərin, əfv edin, duyğularıma hakim ola bilmədim, könlümdən salam vermək keçdi. Mən, sizdən qopan bir damlayam. Damlalar ümmana can atar. Mən, sizə can atıram. Mənim ümmanım sizsiniz. Sizə olan məhəbbətim məni enişli-yoxuşlu yollarla həyatımın ugurlarına doğru aparır. And yerim, inam yerim, iman yerim sizsiniz. Həmişə sizə, – əzəli, əbədi məbədimə doğru yol gəlirəm. Məbədə aparmayan yollar kimə lazımdır? Siz mənim məbədimsiniz.