Sözlər var şipşirin, sözlər var acı…
(Hə var zəhər kimi, yox var bal dadır.
Şahmar Əkbərzadə)
Sözlər var şipşirin, sözlər var acı,
Acılı, şirinli axındı sözlər.
Həm dərd artırandı, həm dərd əlacı,
Ürəyə hər şeydən yaxındı sözlər.
Bəzən abır-həya libasında o,
Girər qılığına bakirə qız tək.
Bəzən də bir şıltaq ədasında o,
Boğar neçə arzu, neçə min istək..
Var neçə pərdəsi, var neçə donu,
Birini soyunar, birini geyər.
Sinəndə saxlamaq istəsən onu,
Qurd kimi o səni içindən yeyər.
Diplomat diliylə istər danışa,
Dahilik eşqiylə yaşar beyində.
Torpağa basdırsan – dönər qamışa,
Tanıdar özünü çoban neyində…
Sözlər var şipşirin, sözlər var acı,
Acılı, şirinli axındı sözlər.
Həm dərd artırandı, həm dərd əlacı,
Ürəyə hər şeydən yaxındı sözlər.
Bəli, qardaşlar, sözü sinədə saxlamaq oğul işidir. Ona görə də bəzən bizi yandıran sirri kiməsə danışıb içimizi boşaldırıq. Sonra da bərk-bərk tapşırırıq ki, amanın günüdür, heç kimə demə haa, sirrimi heç kimə açma. Əcəb işdir, sirr sahibi öz sirrini saxlaya bilmir, amma başqasından onun sirrini saxlamağı umur. Belə yerdə demək istəyirsən ki, əzizim, sirrin varsa özün saxla, özün saxlaya bilmədiyin sirri başqasının saxlaya biləcəyinə güvənmə. Sonra açılar sandıq, tökülər pambıq… Yox ey, söz…
Söz haqqında çox fikirləşdim, axırda anladım ki, bu dünyada elə sözdən başqa heç nə yoxdur. Sözlər də cürbəcürdür. Var doğru söz, var yalan söz… Görün, söz haqqında Həzrəti Əli (ə.s) nə buyurub:
«Sözün yeri könüldür, ismarlandığı yer düşüncədir, onu qüvvətləndirən ağıldır, meydana çıxaran dildir, bədəni hərflərdir, canı isə məna, bəzəyi biçimli söylənməsidir, tutarlılığı isə DOĞRULULUĞUNDADIR».
Deməli, şozün düzü hamıya lazımdır. Amma düz söz danışanlar çoxdurmu?
«Ya həqiqəti de, ya da sus» – deyib atalar. Sözün yoxdursa, sən də yoxsan. Hanı dünyadan bac alan süleymanlar, isgəndərlər nə bilim kimlər, kimlər? Sözlərindən savayı nə qalıb ki, bu dünyada? İgidlərin hərbə-zorbaları hamısı söz imiş. Elə insanları susmağa məcbur edən bu dil pəhləvanları da…