Dəli Çəmənli - страница 5

Шрифт
Интервал


Mənim əzəli, əbədi məbədim, səni düşündükcə ürəyim titrəyir, gözlərim dolur, ruhum pərvaz edərək özümdən qabağa uçur. Xəyalım dağlarında, düzlərində, şır-şır bulaqlarında – Xaçınında, Qarqarında, uşaqlıq xəyallarımın ən coşqun çayı olan Kötəlində… daha haralarda cövlan edir? Həyəcandan özümə yer tapa bilmirəm. Həmişə sənə doğru gələndə belə oluram. Mənim atam, anam, bacım, qardaşım, əmim, dayım, xalam, – ruhum, canım, – Odlar diyarı Azərbaycanımın ən dilbər güşələrindən biri olan, çörəyinin, suyunun, almasının, heyvasının, gilasının, gilənərının, böyürtkanının, güleyşə narının dadı damağımdan getməyən Ağdamım. Bərəkətli dağlarım, düzlərim, muğam sədalı obalarım, duz-çörəkli evlərim…

Elə ürəyimdən keçir sizi səsləyim, hamınıza, -ağsaqqalına, ağbirçəyinə, – salam verim, çayınızı içim, halal çörəyinizdən dadım, ruhuma sərinlik yayılsin, qəlbim sevinsin, damarlarımda qanım təzələnsin. Elə istəyirəm ki, deyəm…


Salam, Ağdam torpağı,

Salam, ey ulu diyar.

Salam, ey dağım, dərəm,

Salam, ey qayam, daşım.

Qucağında yaşadım,

On altı il bəxtiyar,

Salam, ey əmim, xalam,

Salam, bacım, qardaşım…


Salam, ey sinəsində,

Dolandığım oylaqlar.

Salam, zümrüd meşələr,

Salam, sərin bulaqlar,

Salam, yollar, yaylaqlar…


Zaman-zaman yaşayan,

Qədimi yurd yerləri

Sizə salamlar olsun…

Ey bahar yağışları,

Yayın qızmar günəşi,

Soyuq xəzan yelləri

Sizə salamlar olsun…


Salam, Dəli Çəmənlim

Başımın qızıl tacı.

Salam, ulu çinarım,

Qoca palıd ağacım…


Sevgi qanadlarında

Sənə doğru uçuram,

Ürəyim fərəhlənir.

Gözlərimə yaş dolur,

Boğazım kilidlənir.


Baş qoyum torpağına,

Bir səcdənə düşüm mən,

Daşınla, kəsəyinlə,

Gülünlə, çiçəyinlə,

Öpüşüm, görüşüm mən.

Ayaqyalın, başaçıq,

Xoşbəxt körpələrinlə,

Bir atlanım-düşüm mən…


Dırmanım ağaclara,

Payızdan qışa qalan

Bir gilə üzüm dərim,

Çağırım var səsimlə,

Əyləyim üfüqlərdə

Bir durna qatarını,

Neçə qərib dostlara

Odlu salam göndərim.


…Kim nə bilir bəxtimə

Daha nələr düşəcək?

Neçə aylar ötəcək,

Neçə illər keçəcək,

Amma yenə yadıma,

Sənli anlar düşəcək…

Nə zaman geri dönsəm,

O laləli düzlərdə,

Kövrək bir ixtiyarla,

Bir cocuq görüşəcək.


06 mart 2011-ci il,

Ağdam, Çəmənli

Söz sözü çəkər…

Hərdən fikirləşirəm ki, İlahi, bizim ata-babalarımız necə gözəl söz sərrafı olublar. Atalar sözünə görə deyirəm. Elə dəqiq, düzgün yerində deyilmiş sözlərə rast gəlirsən ki, adam lap təəccüb edir. Ataların sözü-sözlərin düzü, – deyib atalar. Əslində, söz olmayan yerdə bu dünyanın bütün var dövləti bir qara qəpiyə dəyməz. Illah da, sözü ağzında bişirib, çıxarmayanda… Deyərsən balam, necə yəni sözü bişirib çixarmayanda… Yəni fikirləşməyib söz danışanda… Sözü deyəndə də gərək ehtiyatla deyəsən, yoxsa, fikirləşmədən dediyin sözün çox peşimançılığinı çəkərsən. Burada da atalar deyib ki, «sonrakı peşimanşılıq fayda verməz».