Qəm yağışı - страница 2

Шрифт
Интервал


Baysal idman zalına yazılmışdı, karate bölməsinə. Axşamlar gedib gələrdi. Mənim də karate bölməsinə getməyim üçün əlindən gələn bütün vasitələrdən istifsdə edirdi. Psixoloji, mənəvi təsirlərin rəngbarəngliyi sərhəd bilmirdi. Uşaqlıqdan idmanla çox da dostluq etməyən mən tək bir insanın karateyə getməsi mənim özümə gülməli görünürdü. Axır ki, bir neçə psixoloji hücumdan sonra, mən razı oldum. Boş axşamlarım olanda Baysala qoşulub gedirdim idman zalına. Mənim bu cəld insanlara qoşulub tullanmağım, köbələk tək yuvarlanmağım, diz üstə qaçmağım onunla qurtardı ki, mən qəti olaraq idmandan uzaq insan olduğumu başa düşdüm. Doğrudur, bu anlayışın kəlləmdə yer tutmağında təlim vaxtı aldığım bir – iki təpik zərbəsi də böyük rol oynadı.

O da məni tək insitutun axşam şöbəsində oxuyurdu, İnşaat insitutunda, mənsə Politexnikdə.

Dərslər həftədə 4 gün, axşam saat 19 radələrində başlayırdı.

Çox vaxt iş növbəmlə dərs saatlarım üst-üstə düşəndə xətdən yayınmağa məcbur olurdum. Dispetçer qızlar yaxşı bilirdilər mənim axşamlar oxuduğumu. Ona görə də dərsə öz işlədiyim avtobusumla gedib – gəlməyimə həmişə göz yumurdular.

– Gələcəkdə müdür olsan, unutma ki, bizim də zəhmətimiz olub bu prosesdə! – deyərək, zarafat edirdilər.

Tanış tələbələr də məndən istifadə edər, mənimlə gedib-gələrdilər: müftə və bu qapıdan düz insitutun qapısına.

Mahnılarla, şən "qəh-qəhə"lərlə qayıdardıq dərsdən. Kimsə lətifə danışar, kimsə zarafat edər, qızlı-oğlanlı gülüş səsi avtobusu başına götürərdi. Hamını imkan daxilində, yaşadıqları yerə yaxın düşürərdim.

2-ci hissə

Zarafatla, deyib gülə, axşamlar oxuyurduq, gündüzlər işləyirdik. Demək olar ki, axşam şöbəsi işlə məşğul olanlar üçün idi. İşdən yorğun çıxıb yenidən üç saat parta arxasında oturmaq asan iş deyildi.

Bizim qrupda, demək olar ki, çox pis oxuyan, “quyruqda gedən” yox idi. Hamı çalışırdı dərsin öhdəsindən gəlsin. Bəzi yaş fərqlərini nəzərə almasaq, hamımız eyni sosiyal səviyyədə olduğumuz üçün aramızda gözəl tələbə dostluğu, fəhlə həmrəyliyi höküm sürürdü.

Qrupumuzun uşaqları, o cümlədən gələcək hadisələrin səbəbkarı, hekayətimizin əsas iştirakçısı olacaq İnqa adlı bir tələbə yoldaşım da mənimlə gedib gəlirdi. Sakit təbiəti ilə, musiqini xatırladan həzin danışığı ilə seçilən İnqa alman mənşəli, mavi gözlü, sarışın saçlı gözəl bir qız idi. Özbəkistandan gəlmişdi.