Bəli, sual olduqca düz-düzünə qoyulmuşdu, cavabı da elənçi olmalıydı. İnqa sual verməyi bacarırdı.
– Mən sənin yenidən gülməyini istəyirəm. Get evinizə, qoy həyatında yeniliklər yaransın.
– Axı, mən getsəm ən qiymətli nəyim var, burada qalır, siz burada qalırsınız. Bir də ki, həyat mənim gözümdə qiymətini çoxdan itirib. Yaşamağım, yaxud, yaşamamağım mənim üçün vacib rol oynamır.
– Ona görə də, dəyiş həyatının dəyərlərini. Səni dərd çəkən görmək bizə ağırdır. Get, 5–6 ay qal evinizdə, özünə gəl.
– Məni başa düşürsənmi, Azad? Axı, nələri itirdiyimi bilirsən! Çıxıb getsəm, demək, sizi də itirirəm. Mən bacarmayacağam, sən məni başa düşürsənmi, nə deyirəm?
– Bilirəm, İnqa! Nə demək istədiyini bilirəm!
– Bəs onda necə “get!” deyirsən?
– Doğma evinizdə yaşa bir az, səhhətin qaydaya düşsün, sonra gələrsən. Nə vaxt istəsən əlaqə yarada bilərsən bizimlə. Anana yazığın gəlsin. Bizə də yazığın gəlsin! Bayaq sual verdin: Azad istəyirmi İnqanın getməyini? Sualına sualla cavab verəcəm: inqa istəyirmi Azadın dərdinin azalmağını, ürəyinin yükünün yüngülləşməyini? İnqa görmürmü Azadın bu ayları nələr çəkdiyini?
İnqanın əllərini aldım əlimin içinə:
– Mən sənə bir söz də deyəcəm, İnqa! Bilmirəm, bəlkə də, yeri deyildi. Səndən ayrılmaq mənim üçün ən böyük cəzalardan biridir! İndiyə kimi itirə-itirə gəlmişəm! Bilirsən ki, indi daha da ağır olacaq mənə! Amma, deyirəm: get! İstəyirəm, rahat yaşya biləsən bir müddət, özünə inamın qayıtsın. Mən sənin yenidən özünü gözəl qız olan İnqa olmağını hiss etməyini istəyirəm. Mən istəyirəm, bir vaxtı rəsmixətt dərsində gözəl saçlarını çiyninə tökmüş həmin İnqanı görüm!
Mənim söylədiyim bu uzun nitq, o cümlədən, rəsmixətt dərsini yada salmağım İnqanı tam dəyişdirdi. Gülümsəməyi çoxdan yadırğamış üzündə bir sevinc hissi yarandı.
– Sağ ol, Azad! – deyə bildi. Göz yaşları yayılmış üzündə təbəssüm yarandı.
Birdən başını dik qaldırıb mənə baxdı. Xəyallarında nəyisə araşdırırdı. Sual vermək istəyirdi, baxışlarından görünürdü.
– O vaxt saxladığın şəkil… dururmu həmin şəkil?
– Durur!
– Niyə onda, o vaxtları sən heç nə demədin mənə? Niyə o şəkildəki qızın sənin həyatın üçün yox olduğunu, şəkilin yalnız xatirə olduğunu demədin? Niyə sən məni başa salmadın? Axı, sən bilməliydin..!
– Mən düşünürdüm ki, sən başa düşmüsən, İnqa! Kədərimi, fikirlər çəkdiyimi görürdün. Yoxun yasını saxlayırdım və düşünürdüm ki, sən bilirsən! Yadındamı, sən mənə qəmlənməməyi məsləhət edirdin?