– Mən səni başa düşdüm! Hamı deyir ki, mən yaşıma görə cavan görünürəm. Sən mənim yaşımı bilmirsən, ona görə də təəccüblənirsən.
Kabinədən asılmış pencəyinə işarə edərək, dedi:
– Pasportum döş cibimdədir, götür oradan, aç!
Pencəyinin cibindən götürdüm pasportu, açıb baxdım. 51 yaşı var idi! Mən bu günəcən onu özümə, az qala, həmyaşıd bilirdim. Ən uzağı, düşünürdüm ki, 30 yaşı var Viktorun! Belə bir görkəmi var idi bizim Qocanın. O gündən bizim münasibətimiz yeni təkan aldı. Mən Viktoru daha yaxından tanımağa başladım. Bu insanın sevinc yuvası olan xoş məramlı daxili dünyası məni özünə bağladı.
Hərdən evlərinə qonaq gedirdim. Həyat yoldaşı ilə də tanış olmuşdum. Fəxr olunacaq qədər gözəlliyi olan 30-32 yaşlı bu qadın hərəkəti ilə, düşüncəsi ilə, ərinə münasibəti ilə əsl bəxtəvərlik dünyası idi. Yaradan bu iki insanı bir-biriləri üçün yaratmışdı.
Gün-gündən güclənən dostluğumuz, mənə bu gözəl ailənin keçmişi ilə daha yaxından tanış olmaq imkanı yaratdı…
Viktorla Lena tanış olanda hər ikisinin 16 yaşları yenicə tamam olmuşdu. İsti avqust günlərindən birində, bol sulu Enisey çayının sahilində iki gənc bir-birlərinə ürəklərində olan sevgilərini etiraf etdilər. Və o gündən etibarən onlar ayrılmaz oldular. Məktəbi bitirdilər. Victor, göndərişlə sürücü kimi təhsil aldıqdan sonra orduya getdi. O vaxtlar əsgərlik müddəti hərbi birləşmələrin növündən asılı olaraq, 3 və 4 il təşkil edirdi.
Viktor hərbi xidmətini başa vurub qayıtdıqda sevimli Lenası institutun 5-ci kursunda oxuyurdu. Viktor bir neçə gün dincəlib, avtobus parkına işə düzəldi. Altı ay sonra evləndilər, iki xoşbəxt gənc talelərini birləşdirdilər.
Bir il tamam olmuşdu, Lena hamilə qaldı.
O illərdə SSRİ-də yaşayıb hansısa xəstəliyə düçar olmaq dərdli-bəlalı bir dövrə qədəm qoymaq demək idi. Məsələn, 80-ci illərə kimi SSRİ-də “mədə xorası” ömürlük, əlacsız bədbəxtçiliyin, “xərçəng”, yaxud, “insult” 100%-li asta ölümün sinonimləri sayıla bilərdilər.
Levomisetin, penisilin, analgin – sovet adamının tanıdığı, bildiyi və əldə edə biləcəyi "aptek məhsulları” bunlar idilər. Bir də "zelyonka" deyilən yaşıl rəngli məhlul var idi, bədənin hansı hissəsinə zərər toxansaydı, fərqinə varmadan, o hissəni həmin “zelyonka” ilə sürtərdilər.
Xəstələrə təkrar olaraq istifadə edilə bilən şprislərlə iynə vurulurdu. Paslanmayan polad qutularda həmin iynə-şprisləri qaynadardılar. Qaynatmağa şərait olmayan yerlərdə isə, üzərlərinə qaynar su tökərdilər, ya da, spirtlə silərdilər. O illərdə dərmanların çətin əldə edilməyi bir yana, hətta, palatalardakı yataqlarda dəyişməyə mələfə bəzən olmurdu. O dövr üçün qadın xəstəlikləri, onların müalicəsi haqqında isə heç danışmağa dəyməz. İndi ən adi bir şey görünən gigiyenik materillar sovet qadını üçün fantastik bir mövzu sayıla bilərdi.