40-cı gün - страница 3

Шрифт
Интервал


Bir sözlə, “pulsuz müalicəmiz” Qərbdən çox-çox geri qalırdı.

Bax, belə bir vaxtda Lena xəstələndi. Daha doğrusu, nə zaman xəstələnmişdi, heç kim bilmirdi. Sadəcə olaraq, xəstəlik özünü indi biruzə verdi. Qəfildən, günəşli gündə yağan dolu kimi.

Lena düşdü xəstəxanaya. Onda hansısa qadın xəstəliyi tapdılar. Həkimlər müalicə etməyə çalışdılar. O zamankı müalicə üsulları indiki ingişaf dövrünün üsullarından çox-çox fərqli idi və ağır xəstəliklər zamanı müalicənin nəticələri nadir hallarda müsbət olurdu. Bir sözlə, həkimlər çox çalışdılar, əllərindən gələni etdilər. Və bu zaman doğum vaxtı özünü yetirdi.

Doğuş çox çətin oldu, uşaq isə dünyasını hələ doğulmamış, ana bətnində dəyişdi. Bu faciəni müalicə üçün bədənə edilmiş radiasiyaya məruz qalmanın nəticəsi kimi izah etdilər. Və bundan sonra Lenanın səhhətində problemlər başladı.

Bu ağır doğum prosesindən başlayan fəsadlar, gələcəkdə Lenanın ana ola biləcək imkanlarını əlindən almaqla bərabər, onun həyatını, yaşaya bilmək şansını şübhə altına aldı. Əməliyyat keçirmək lazım oldu. Nəhayət, müalicə müddəti bitdi, evə qayıtdı. Deyəsən, vəziyyəti yaxşılaşmağa başladı. Səhhəti indi qorxulu olmasa da, ömrü boyu ana ola bilməyəcəyini, sevimli ərinin də ona görə ata olmaq sevincindən məhrum olduğunu Lena unuda bilmirdi.

Çox düşünüb, həyat yoldaşı ilə danışmağa qərar verdi. Bir axşam Viktoru qucaqlayaraq boşanma təklif etdi.

– Sağlamlığım hansı yerdədir, bilirsən. Mənim bir daha ana olmaq imkanım olmayacaq. Sən cavansan, əzizim, sağlamsan. Yenidən evlənə bilərsən, bir dəstə uşaq atası olarsan!

Victor qətiyyətlə etiraz etdi:

– Necə deyə bilirsən bu sözləri, Lena, əzizim? Necə ola bilər ki, bir uşaq varlığını səndən üstün tutaram? Bu barədə bir daha eşitmək istəmirəm!

Lenanı qucaqladı, nəvazişlə öpdü. Birdən, nəsə xatırlamış kimi dilləndi:

– Əgər istəsən, uşaq evindən bir uşaq götürə bilərik!

Bu sözləri eşidən Lenanın sevincinin həddi-hüdudu yox idi. Özünü saxlaya bilmədi, başını Viktorun sinəsinə sıxılaraq ağladı, göz yaşları ərinin sinəsinə yayılaraq, köynəyini islatdı. Viktor onun saçlarını öpür, “ay mənim ağılsızım!”– pıçıldayırdı.

– Sevincimdən ağlayıram, əzizim, -dedi Lena.– Son aylarımın ilk sevinci! Mənim əzizim, mənim sevimlim!

Lena uşaq evindən qız uşağı tapıb götürməyi qərara aldı.