Gözləməyə qərar verdilər. Düşündülər ki, uşağa vaxt lazımdır, qoy üz-gözü öyrəşsin, hər şey öz-özlüyündə düzələr. Baxar, qonşu uşaqlarına, həmyaşıdlarına, anlayar ailə qanunlarını.
Həftələr keçdi, Nastyanın davranışında heç nə dəyişmədi.
Bir aydan çox keçdi, nəhayət Lena həmin mövzuya qayıdaraq, niyə onları "ata", "ana" adlandırmaq istəmədiyini sual edəndə, Nastya onu qucaqladı və hərəkətini uşaq sadəliyi ilə belə izah etdi:
– Hər ikiniz yaxşı adamlarsınız. Hər ikinizi də çox sevirəm. Ancaq, Viktor mənim atam deyil, sən də mənim anam deyilsən. Mən …onları yaxşı xatırlayıram, həm atamı, həm anamı!
– Nastya, heç olmasa “xala”, “dayı” deyə müraciət et bizə!
– Yox! Mənə belə daha yaxşıdır! – dedi Nastya.
Bu mövzuya bir daha qayıtmadılar. Nastyanı yola gətirməyə çalışmağın mənası yox idi. Bu gedişlə uşaq onlara heç vaxt "ana", "ata" demədi. Yalnız adları ilə müraciət etdi. Əlavə olaraq, aydın oldu ki, özünə də "qızım" sözüylə yox, öz adı ilə müraciət edilməyi daha xoş olur.
Günlər və aylar keçdi. Bəzən olurdu ki, Viktor ikinci növbə işləyəndə onu özü ilə bərabər işə götürürdü. Nastya hərdən Viktorun yanında kabinada, bəzən də arxada- salonda otururdu. Nə qədər təəssüratlar yaranırdı uşaq qəlbində! Bu günlər onun üçün unudulmaz olurdu. Nastya "onun Viktorunun” belə böyük bir maşını idarə etdiyi ilə fəxr etirdi!
Məktəb vaxtı yetişdi. İlk gündən Nastya intizamı və yaxşı oxumaq bacarığı ilə müəllimlərinin sevimlisinə çevrildi. Məktəbdən gəldikdə, yeməyini yeyərdi və dərhal dərslərə başlayardı. Ev tapşırıqlarını yerinə yetirdikdən sonra, əgər Lena mətbəxdə bir iş görərdisə, Nastya kömək etməyə çalışırdı.
Axşamlarsa Viktor və Lena ona nağıllar oxuyardılar. Nastyanı xoşu gəlirdi uşaqlar üçün yazılmış nağılları dinləməyi. Viktor növbədə olarkən – onun iş qrafiki dörd gündə bir dəyişirdi – nağılları ona Lena oxuyardı. Nağıl danışmağı və oxumağı Lena daha yaxşı bacarırdı.
İllər keçdi, Nastyanın nağıl və hekayələrə qulaq asmaq həvəsi kitablara üz tutdu. Onun neçə həvəslə uşaqlar üşün yazılmış kitabları oxuduğunu görən Viktor məmnuniyyətlə Nastya üçün "uşaq kitabxanası" toplamağa başladı. Tez-tez jurnallar, kitablar alırdı. Bəzən dostlar qonaq gələrkən, Nastyaya şəkilləri olan kitablar hədiyyə edirdilər. Nələr yox idi bu kitablarda! Cazibədar şəkillər, hekayələr, gülməli nağıllar, şahzadələrin taleyi, sirli ölkələr… Bu kitablardan təsirlənərək sirlərlə dolu bir dünyada yaşayırdı Nastya. Öz düşüncəsi ilə, öz istəyi ilə qururdu öz dünyasını. Bu dünya həmişə reallıqdan uzaq olardı. Öz şahzadələri ilə, igidləri ilə. Bu qəhrəmanlar nədənsə, Viktoru xatırladırdılar Nastya üçün. Burada nə qədər oxşarlıqlar tapırdı uşaq qəlbi. Və həmişə də bir möcüzə baş verəcəyini gözləyirdi Nastya.