– Xanım, yazıqsan, xəstələnərsən! – Bayaqki kişi yenidən peyda oldu. Bu dəfə deyəsən onun səsini eşitdi. Nimdaş paltarlı bu yaşlı kişinin gözləri kədərli idi. Talihə bunu o saat duydu. Nədənsə bu adama qarşı ürəyində bir mərhəmət hissi baş qaldırdı. Ömründə birinci dəfə gördüyü bu yad adama ürəyini açmaq, dərdlərini danışmaq, içini ovub dağıdan hə-yəcanlarını ona bildirmək istədi. Gör haçandan bəri bir kimsəyə dərdini danışmır! İçində əzablı fikirlər qalaq-qalaq idi, onları əritmək, dağıtmaq lazım idi. Əzizlərindən, dostlarından son bir ildə xeyli uzaq düşmüşdü. Şərait onlan yadlaşdırmırdı. Bəlkə onlar Talihədən də dözülməz vəziyyətdə yaşayırdılar. Hər nə idisə, yadlıq, soyuqluq, qarşılıqlı biganəlik onları bir-birindən uzaqlaşdırmışdı.
Talihə qarşısındakı adamla dərdləşməyə ehtiyac duydu. Kişi elə bil onun xəyalından keçənləri anladı:
– Ağla, xanım, ağla, boşalarsan. Nə qədər ki, ağlaya bilirsən, ağla, yoxsa xəstələnərsən.
Talihə minnətdarlıq dolu baxışlarını ona zillədi. Ağlamağına ara verdi, daha doğrusu, göz yaşlan çəkilib getdi.
– Dərdin böyükdür? – Kişi bunu kədərlə soruşdu.
– Çox.
– Əziz adamını itirmisən?
Bu sözlərdən Talihənin bədənini üşütmə tutdu. “Əziz adamalarını” gözləri qabağına gətirdi – Aygün, Aytən, Taleh… Təsəvvür etdi ki, onlardan birini itirib. Bu fikirdən dəhşətə gəldi.
– Yox, yox, heç kimimi itirməmişəm. – Talihə həyəcan içində, qorxunu özündən uzaqlaşdınrmış kimi cavab verdi.
– Onda çəkdiyin dərd deyil, çətinlikdir, çətinliyi isə həll etməyə çalışmaq lazımdır.
Bu naməlum adam onda qəribə bir etibar hissi oyatmışdı. Gecənin bu vaxtında, gur yağışın altında onunla belə məhrəmanə söhbət edən adama ürəyini açmaq, onu bu vəziyyətə gətirib çıxaran həyəcanlarını onunla bölüşmək istədi.
– Əyləşin, – deyib ona yer göstərdi.
Kişi oturanda onun pəjmürdə halı gözlərindən yayınmadı. İlk dəfə fikrindən keçdi ki, onun da dərdi ola bilər. Bura niyə gəldiyi bir anlığa yadından çıxdı. Yanındakı bu yaşlı adamın gecənin bu vaxtında kimsəsiz sahil bağında gur yağışın altında gəzişməsinin səbəbi nə idi? Öz dərdini ona danışmaq arzusu bir anda müsahibinin dərdini öyrənmək istəyi ilə əvəz olundu. Nə idi onu gecənin zülmətində küçələrə salan?
– Sizə nə olub? – Ehtiyatla soruşdu.
– Bu gün rəhmətlik arvadımın ilidir.
– Allah rəhmət eləsin. Yəqin yaxşı insan idi.