– Talihə, qorxma, ilanı öldürdüm. Rahat ol, indi aparıb onu basdıracağam. Eşidirsənmi, qorxma, day sənə dəyib dolaşmayacaq.
Talihə gözlərini açıb ona baxdı. Sonra yenidən yuxuya getdi. Bu dəfə sakit, dərin yuxuya.
Son vaxtlar tez-tez eyni yuxunu görən arvadına yazığı gəldi. Onun anqlayıb ovurdları batmış zərif sifətinə kədərlə bir xeyli tamaşa etdi. Yuxulu halda da alnı dartılı, qaşları çatılı olan ömür-gün yoldaşına ürəyində yazığı gəldi. O, bu vəziyyətdə elə köməksiz, elə yazıq görünürdü ki! İşləməkdən nazilmiş barmaqları, əllərinin ııtündəki göy damarlar, əynindəki yuyulmaqdan nazilmiş pambıq gecə köynəyi, hər şey, hər şey onun ürəyini qəmlə doldurdu.
Gündüz baş vermiş narazılığa, ürək ağrıdan söz-söhbətə görə indi öz-özünə acığı tutdu. Talihədən incimək insafsızlıq idi. Yatmış halda o, incidilmiş, xətrinə dəyilmiş uşağa oxşayırdı. Ehmallıca, yuxudan oyatmadan çəkinə-çəkinə əlini onun saçlarında gəzdirdi. Əli balışa toxunanda onun yaş olduğunu görüb sarsıldı. Talihə, kim bilir, nə qədər ağlamış, ağlaya-ağlaya da yuxuya getmişdi. Taleh televizora tamaşa edib vaxtını öldürdüyü vaxt o, yalqız və ümidsiz halda göz yaşlarını balışa boşaltmışdı.
“Guya ki, birinci dəfədir agalayır.” Daxilindən gələn bu səs onu üşütdü. Etinasızlığına, biganəliyinə, soyuqluğuna görə vicdan əzabı çəkdi, özünə acığı tutdu. Uşaq kimi ağlamaq, içinə yığılmış ağrı-aciları boşaltmaq, yüngülləşmək istədi. Amma, heyhat, o, ağlaya bilmirdi. Axırıncı dəfə haçan ağladığı yadına düşmürdü. Ümumiyyətlə, ağlamışdımı?
Hər nə idisə, içində bir dəli hönkürtü dolaşırdı, amma gözündən yaş çıxmırdı. Ağlamaq, sən demə o qədər də asan iş deyilmiş.
Talihənin üzünə uzun, kədərli bir nəzər saldı. Onu bağrına basmaq, uşaq kimi oxşamaq, nəvazişli sözlərlə könlünü almaq, sonra isə ona sığınıb qayğısızca uyumaq necə də gözəl olardı. Bəs niyə bunu etmirdi, niyə etmək istəmirdi? Nə idi ona mane olan, yolunu bağlayan? Bilmirdi. “Nə isə” vardı, bu “nə isə”nin nə adı vardı, nə kimliyi bilinirdi, amma o, mövcud idi. O “nə isə” hər gün, hər saat Talehi Talihədən uzaqlaşdırır, evə bir yadlıq, ögeylik yayırdı. Bu “nə isə‘'yə zəhər dadı qarışmışdı.
* * *
Talihə qızıznın geyinib evdən çıxmağa hazırlaşdığını hiis etdi. Amma yataqdan qalxmağa halı yox idi. Onu yola sala bilməyəcəyini düşünəndə qanı qaraldı: