Ağ qəm - страница 13

Шрифт
Интервал


– Eh, yaxşı var, yaxşı var....

– Deyəsən mehriban dolanmısınız.

– Elədir.

– Uşaqlarınız varmı?

Üç oğlum var. Amma uşaqların öz yeri var, ömür-gün yoldaşının öz. İndi yaşımın bu vaxtında tək-tənha qalmışam.

– Oğlanlarınız sizə baxmırlar?

– Baxmağına baxırlar, amma onları ayırmışam. Gəlinlərim növbə ilə evimin səliqəsinə, paltarlarımın təmizliyinə diqqət yetirirlər, arada gəlib yemeyimi də bişirirlər. Amma dünyada heç kəs adama həyat yoldaşını əvəz edə bilməz. İnsan belədir, itirməsə, qədir bilməz. Rəhmətə gedən günü anladım ki, onsuz mənim yaşamağımın heç bir mənası yoxdur. İndi hamı öz evində, isti ocağındadır, mənsə tək-tənha, yetim uşaq kimiyəm. – Kişinin gözləri yaşla dolu idi. O, Talihəyə uzun, sınayıcı nəzərlə baxdı:

– Bəs sənə nə olub?

Əziz adamını itirmiş bu adamın dərdinin yanında öz dərdi Talihəyə elə əhəmiyyətsiz göründü ki, ondan söhbət açmağı yersiz saydı:

– Heç, elə-belə.

– Yəqin sizinkilər indi bərk narahatdırlar. Onlara yazığın gəlsin. Həyatda hər şeyə çarə var, bir ölümdən savayı. – Kişi bunu deyib ah çəkdi. Sonra əlavə etdi: – Çıx get evinə, sətəlcəm olarsan. – Elə dedi ki, Talihə dinməz-söyləməz ayağa durdu. Müsahibinə təsəlli vermək, onun könlünü almaq üçün fikirləşib nə isə demək istədi, amma belə sözlər tapılmadı. Xudahafizləşib ondan aralandı. Sahil bağından bir xeyli uzaqlaşandan sonra dönüb arxaya boylandı. Kişi xeyli aralıdan onu müşayiət edirdi. Talihə saatına baxdı: gecə saat 12-yə 15 dəqiqə qalırdı. Metroya tərəf səmt götürdü.


* * *


Zəng səsinə evdəkilərin hamısı çıxdı. Qızları sevinclə onun boynuna sarıldılar. Taleh:

– Bu nə vaxtdır? – deyə acıqla soruşdu, amma onun qızarmış gözlərini, qəribə vəziyyətini görüb həyacanını gizlədə bilmədi:

– Bir sey olmayıb ki? – deyə soruşdu.

– Nə olacaq ki?

Bu sakit, müəmmalı cavabda nə vardısa, nə əri, nə də qızları daha heç nə soruşmadılar. Aygünlə Aytən ona əynindəki yaş paltarları soyunmaqda kömək etdilər. Sonra Aytən ona qısılıb ağlamsındı:

– Ay ma, bizi qorxutma da…

Qızının həyəcanını anlayan Talihə onun üzündən öpdü:

– Elə yorulmuşam.... Qoy yatım.

Talihə yerinə haçan uzandığını, gözlərinin haçan yumulduğunu bilmədi.


* * *


Yataq otağından inilti səsi eşidiləndə Taleh hövlnak yuxudan oyandı. Gecə saat 3-ün yarısı idi. Televizorda verilişlər quratrmışdı, ekran eləcə işıldayırdı. Bayaqkı inilti tərar olunanda bunun Talihənin səsi olduğunu anladı. Cəld yataq otağının qapısını açdı. Arvadı çarpayısında qan-tər içində idi. Yuxulu halda əlləri ilə boğazından nəyi isə açırdı. “Yəqin yenə boğazına ilan sarılıb,” – deyə düşündü. Arvadına bu cür yuxuların əzab verdiyini bildiyindən əlini onun alnına qoydu, sakitcə, onu yuxudan oyatmadan dedi: