Ağ qəm - страница 2

Шрифт
Интервал


Talihə çəkmələrini haçan ayağına keçirdiyini, pencəyini geyinib otaqdan necə çıxdığını, xəstəxananın uzun dəlizindən keçib pilləkənləri necə düşdüyünü bilmədi. Başındakı dəhşətli ağrı indi onu maraqlandırmırdı. Talehin, qizlarının narahat olacaqlarını, fikir çəkəcəklərini düşünəndə qərarsız olurdu. Həm də yaman yorulmuşdu. İstədiyi yalnız sakitlik idi. Bilirdi ki, başını balışa qoyan kimi yuxuya gedəcək. İndi o, heç nəyi yatmaq qədər arzulamırdı. Amma həyatında ilk dəfə idi ki, doğma evi onu çəkmirdi. Ayaqları Talihəni hara isə başqa yerə aparırdı. Bu yerin səmti, istiqaməti ayrı idi.

Beş saatdan artıq idi ki, evdən çıxmışdı. Hara, niyə getdiyinin fərqinə varmırdı, elecə yol ölçür, küçələri dolaşırdı.

Elə hey gedir, gedirdi. Oturacağa rast gələndə bir hovur dincini alır, amma 5-10 dəqiqədən artıq oturmağa hövsələsi çatmır, yenidən qərarsız halda yoluna davam edirdi. Özü də tez-tez, tələsə-tələsə gedirdi. Elə bil haradasa, kimsə onu gözləyirdi. Eyni küçələrdən, eyni səkilərdən kim bilir, neçənci dəfə keçirdi. Elə köməksiz idi ki, özünə yazığı gəldi. “Yəqin ayranı dağılmış qarıya oxşayıram,”– deyə fikirləşdi. Bir tərəfdən qəmli fikirlər, o biri tərəfdənsə aclıq onu haldan salmışdı. Amma cibindəki pula metroya minmək üçün bircə jeton almaq mümkün idi. Ürəyində “Adamı adam eləyən paradır, parasız adamın üzü qaradır,” – deyib ac-acı güldü.


* * *


Son vaxtlar həyat onun üçün işgəncəyə çevrilmişdi. Könlünü şad edən, qəlbini sevindirən, ürəyini xoş hisslərlə dolduran heç nə tapa bilmirdi. Sevinc, fərəh ondan gen düşmüşdü. Hərdən ona elə gəlirdi ki, bu duyğularla yerli-dibli tanışlığı olmayıb. Hə etsə də, özünü nə ilə məşğul etsə də, başını nə ilə qarışdırsa da xeyri yox idi, varlığına çökmüş acı kədər onu tərk etmirdi. O, heç kəslə görüşmək istəmirdi. Xasiyyəti də dəyişmişdi, tez-tez heç nədən özünden çıxırdı, qızları, əri ilə əvvəlki kimi mehriban davrana bilmirdi. Hər şeydən inciyirdi, az qala hər söz, hər hərəkət xətrinə dəyir, onu hövsələdən çıxarırdı.

Saatlarla yataq otağına çəkilib dərin düşüncələrə dalmaq onda adət halı almışdı. Qəfildən başlarının üstünü almış səfalətin (Hə, səfalətin! Onu daha nə cür adlandırmaq olardı?) gətirdiyi ağrı-acılan saf-çürük edir, bu vəziyyətə niyə düşdüklərini özü üçün aydınlaşdırmağa cəhd edir, çıxış yolu axtanrdı. Beləcə, fikirlər labirintində dolaşıb qalırdı. Bütün bu faydasız cəhdlərdən sonra “Ay zamana, zamana, oxun qoydun kamana,”– deyib yenidən bədbinləşir, gözlərindən yaş sel kimi axırdı. Xeyli ağlayandan sonra əli istər-istəməz qələmə uzanırdı. Yazır, yazırdı.