Ağ qəm - страница 22

Шрифт
Интервал


İşdən gec qayıtmış Taleh evdəki bu şən əhval-ruhiyyəni görüb sevindi. Çoxdan onları belə görməmişdi. Ancaq sövq-təbii onu da hiss etdi ki, bu sevincin arxasında nə isə var. Qəhqəhə çəkən arvadının gözlərindəki kədəri görməmək mümkün deyildi.

Talihə Maralın sözlərini heç cür unuda bilmirdi. Bu təklif onun varlığını təlatümə gətirmiş, olan-qalan qətiyyətini əlindən almışdı. Bu soyuq qış axşamında istilik sistemi işləməyən mənzildə onu havanın soyuğundan daha çox həmin təklifin şaxtası üşüdürdü. Əcnəbinin təklifi onun bütün arzularını alt-üst etmiş, sinəsinə çalın-çarpaz dağ çəkmişdi.

Bu mənzil ona o qədər doğma, o qədər əziz idi! Hər otağı zövqlə, özünəməxsus səliqə ilə bəzəmiş, ürəkaçan, qəlb oxşayan rahatlıq yaratmışdı. Qohumlar, dostlar onların evində yığışmağı xoşlayırdılar. Təbiətən qonaqcanlı olan Talihə ilə Talehin verdiyi qonaqlıqlar adətən çalıb-oynamaqla sona çatardı.

Onlar bu evə köçəndə həyətdə, zibil xəttinin ağzında qalaqlanmış tullantıları görüb dəhşətə gəlmişdilər. Deyilənlərə görə, bir ildən artiq idi ki, zibil xətti sıradan çıxmışdı. Taleh tullantıları daşıtdırmış, burada səliqə-sahman yaratmışdı. Talihə isə burada yaşıllıq salmağa girişmişdi. İndi ora gözəl bir bağa çevrilmişdi – üzüm və qızılgül talvarları, qədd-qamətli ağaclar, növbənöv çiçəklər boy-boya vermişdi. Buradakı gözəllik yaz gələndən payız qurtarana kimi hamının ürəyini açırdı.

Talihə yetişdirdiyi bitkilərin hər birinə övladı kimi bağlanmışdı. Onlan əzizləməkdən, nazlarını çəkməkdən yorulmurdu. Burada açılan hər çiçəyə sevinirdi. Bu bağ ona nə qədər fərəh bəxş edirdi! O, şəhərdə kiçik bir kənd mənzərəsi yarada bilməsi ilə fəxr edirdi. Artıq burada qəribə bir mikroiqlim yaranmış, saysız-hesabsız quşlar, böcəklər, kəpənəklər üçün bu bağ doğma yuvaya çevrilmişdi.

Yaz gələndən onlar az qala bütün boş vaxtlarını burada keçirirdilər. Qızılgül talvarının altında çay içməyin ayrı ləzzəti var idi. İndi təsəvvür edəndə ki, bu bağı atıb harasa başqa bir yerə köçməlidir, acığından bilmirdi neynəsin.

Şam yeməyindən sonra Talihə Maralın təklifini ərinə dedi. Taleh özünəməxsus soyuqqanlılıqla:

– Hansı axmaq öz rahat evini qoyub harasa gedər? – dedi və söhbət bununla bitdi.


* * *


Qonaq otağında televizora baxan Talihə Aytənin səsinə dəhlizə çıxdı.

– Ana, tez ol bura gəl, Arifgil köçür.