– Yatmamısan? – Rəşid ahı eşitdi.
– Yatıram.
– Sənə soyuq deyil? – deyə Rəşid yerindən tərpənmədən soruşdu.
–Yox.
– Gəl mənim yanımda uzan.
– Yuxum gəlir, yat. – Zərifə mümkün qədər etinasız cavab verməyə çalışdı.
– Gəl yanıma, sənə nağıl danışacağam.
Aralarında cəmi beş qarış məsafə var idi. Bu məsafəni qət etmək Rəşid üçün çox çətin idi.
– Yat, Rəşid, yat, gecə keçir. – Bu dəfə Zərifə səsindəki qəhəri gizlədə bilmədi.
– Bax, sən gəlməsən özüm gələrəm ha! – Rəşid bunu yarıoyaq-yarıyuxulu dedi. Bir azdan onun xorultusu otağa yayıldı. Birgə yaşadıqları bu neçə ildə Zərifə ilk dəfə xorultu səsinə sevindi. Yalnız bundan sonra balışın altından yaylığını götürüb gözlərini sildi.
Nəvazişsiz, yalqız gecələrdən biri də keçib gedirdi. Uzun və narahat, soyuq və boz gecələrdən biri. Acı düşüncələr yenə sel kimi üstünə yağdı: “İlahi, bu nə mənasız ömürdür! Gecələr səhərin haçan açılacağını, gündüzlər isə gecənin nə vaxt düşəcəyini gözləyə-gözləyə ötüb keçən ömür. Adi günləri adi, bayram günləri isə adidən də adi ömür. Bəs insan nədən ötrü yaşayır?”
Zərifə heç cür özünə yer tapa bilmirdi. Nə qədər səy göstərsə də, özünü gipnoz etməyə çalışsa da sakitləşə bilmirdi. Ağlamaqdan gözləri şişmiş, göz qapaqları ağırlaşmışdı. Nə qədər çalışdısa da yata bilmədi ki, getmədi. Nəhayət, uzanmaqdan bezdi. Yerindən qalxıb eyvana çıxdı. Sərin yaz havası üzündə, saçlarında gəzdi, bədənini üşütdü. Bu təmasdan xoşhallandı, canına bir rahatlaq yayıldı. Başının ağnsı da bir qədər azalan kimi oldu.
Neçə vaxt idi ki, Zərifənin həyat ritmi öz adi ahəngini itirmişdi. Onun gündəlik qayğıları da öz məcrasını dəyişmişdi. Zərifə nə etdiyini, nə geyindiyini, nə yediyini bilmirdi. İş yoldaşlarının dediklərinə görə onun hərəkətləri də, danışığı da başqalaşmışdı. Görkəmindən daim etinasızlıq, biganəlik yağırdı. Danışıb ucadan güldüyü zaman birdən-birə gülüşü dodaqlarında donub qalırdı. Tərpənməz oturub, gözlərini bir nöqtəyə zilləmək ondan ötrü adi hala çevrilmişdi. İşdə ondan tez-tez soruşurdular: “Sənə nə olub?” Təəccüblə sual verənə baxır, “yəqin havadandır”, – deyə cavab verirdi. Bu cavabla əslində özünü sakitləşdirməyə çalışırdı, sanki özünə təskinlik vermək istəyirdi ki, heç nə olmayıb, heç bir hadisə baş verməyib. Var gücü ilə, bütün varlığı ilə buna özünü inandırmağa səy göstərirdi.