Ağ qəm - страница 31

Шрифт
Интервал


Əlbəttə ki, səbəbkar hava idi. Hər şeyin günahı yaz havasında idi. O, hamını dəyişdirmiş, insanların ruhunu yerindən oynatmışdı. Özü ilə təbiətə bir oyanış, qəribə bir qaynarlıq, coşqu gətirmişdi. Hamının qanı qaynayırdı. Bahar ağacların tumurcuqlarından, quşlann civiltisindən tutmuş hər şeyə dərindən nüfuz etmişdi. Zərifənin də ürəyini tərpətmişdi. İllərdən bəri oraya yığılmış, üst-üstə qalanmış, özünün də çoxdan bəri xəbər tutmadığı, daha doğrusu, uşaq kimi hamıdan gizlətdiyi, ən dərin, əlçatmaz yerdə qoruduğu duyğularını, hiss-lərini oyatmış, onlan dilləndirmişdi. Ürəyini elə möhkəm tərpətmişdi ki, həzin kamanın, yanıqlı neyin qopardığı səslər kimi özündən sonra iz qoymuşdu. Zərifə çaşqınlıq içində qalmışdı. Özü də baş aça bilmirdi ki, bu necə titrəyiş, nə cür tərpənişdir. Mənası nədir, niyə onu bu qədər dəyişdirib, nədən üzünün rəngi avazıyıb, niyə gözlərindəki qəm azalmır? Niyə eşitdiyi hər mahnıda, hətta şən, oynaq musiqidə də həzin notlar tapır? Oxuduğu hər şeirdə qəmli fikirlər görür? Niyə o, çoxları kimi sevinclə yox, qəmlə köklənib? Zərifə bunların heç birinin səbəbini tapa bilmirdi.

Dəyişmişdi. Ona elə gəlirdi ki, heç bir paltan ona yaraşmır. Bişirdiyi yeməklərin heç birinin dadı yoxdur. Danışdıqları əhəmiyyətsiz söz yığınıdır.

Köhnə dostları, tanışları indi ona maraqsız görünürdülər. Onlann söhbətlərində heç bir cəlbədici şey tapa bilmirdi. İşindən bezmişdi. İş yoldaşları onu təngə gətirmişdilər. Evdə boğulurdu, divarlar üstünə gəlirdi. Bakı başdan-başa boz rəngdən ibarət idi. Binalar, küçələr, maşınlar, insanlar bomboz rəngə bürünmüşdü.

Zərifəni cəlb edən, onu maraqlandıran, ürəyini açan heç nə yox idi. Bozluqlar içində özü də rəngsiz, duyğusuz boz bir varlığa çevrilmişdi. Özündən zəhləsi gedirdi. Qaçmaq istəyirdi özündən – həmin boz varlıqdan. Ancaq haraya qaçaydı? Belə bir yer tanımırdı. Haraya qaçsa da təklik və kədər ondan əl çəkməyəcəkdi.

Bir yaz gecəsi ona hər şey məlum oldu. Bir yaz gecəsi onun saysız-hesabsız suallanna cavab tapıldı. Donunu soyunub, gecə köynəyini əyninə geyinəndə gözləri güzgüyə pərçimləndi. Güzgüdən ona ağappaq dərili, incə qamətli, zərif bir qadın baxırdı. O, heç vaxt qadın gözəlliyi haqqında düşünməmişdi. Çılpaq qadın rəsmlərinə, heykəllərinə tamaşa edəndə nədənsə həmişə utanmışdı. Amma indi onun gözləri qarşısında gözəl və canlı bir əsər dayanmışdı – o, özünə sənətkar gözü ilə baxırdı. Qəribədir, illər boyu bu gözəlliyi duymamışdı. Hərdən rəfiqələri həsədlə ona deyirdilər: “Gözəlsən”. Lakin bu gözəlliyin nədən ibarət olduğu barədə o, əsla düşünməmişdi. Ər evinə köçdüyü on beş il ərzində Rəşid Zərifənin gözəl olduğunu bircə dəfə də olsun dilinə gətirməmişdi. O, Zərifəni sevdiyi qadın kimi heç zaman əzizləməmiş, ona hisslərini duydurmamışdı. O da soyuq və biganə ərinə öyrəşmişdi. Əslində Rəşid soyuq adam deyildi, onun biganəliyi yalnız Zərifəyə yönəlmişdi. Niyə? Axı onun təq-siri nə idi? Nəyə görə tale onu belə ağır imtahana çəkmişdi? Cavab tapa bilmirdi.