Güzgüdə özünə dönə-dönə tamaşa etdi. Ürəyini əzabverici bir inciklik hissi bürüdü. Bu hissdə nə isə, qəribə, təhqiredici bir şey var idi. Birdən zövqsüz, ləzzətsiz, məhəbbətsiz keçən illərinə acığı tutdu. Birgə yaşadıqları ötən on beş ildən ona, demək olar ki, elə bir gözəl xatirə, şirin bir duyğu qalmamışdı. Saatlarla fikirləşsəydi də yadına belə bir şey düşməyəcəkdi. Onun həyatı adi, boz günlərdən ibarət idi. Onlar bir-birini əvəz etmiş, Zərifə də buna adət eləmişdi. Sanki elə belə də olmalı idi. Gündəlik qayğılar, uşaqların problemləri, mətbəx vurnuxmaları, qonaqlar, qohum-əqraba söhbətləri qanşmış illər ötdükcə, oğlanları böyüdükcə bu sakit, fərəhsiz ömrünə öyrəşmişdi. Yaxşı ki, xəstəxananın qaynar həyatı var idi. Buradakı gərgin iş ritmi başqa şeylər haqqında düşünməyə vaxt qoymurdu. Lakin işdən evə gələndə yenə süstlük, biganəlik onu bürüyürdü.
Ay qaranlıq gecəni necə işıqlandırırsa, bu gecə də onun ürəyini eləcə işıqlandırdı. Əvvəlki rahatlığını, təmkinini, ən başlıcası isə mütiliyini əlindən aldı. Əvvəlki Zərifənin yerində özünə oxşamayan, həyatını dəyişməyə can atan başqa bir Zərifə doğuldu. Bu dəyişiklik onun ürəyində ziddiyyətli fikirlər oyatmışdı. “Kaş bu gecə olmayaydı. Kaş mən soyunanda otaqda işıq sönmüş olaydı”, – deyə o, tez-tez özünü danlayırdı.
* * *
Səhər işdə kabinetini açıb içəri girəndə masanın üstündə bir dəstə nərgiz gördü. Bu, sözsüz ki, Aydının işi idi. “Bu gün hansı bayramdır?” – deyə fikirləşdi. Nə qədər cəhd etsə də, sualının cavabını tapa bilmədi. Birdən yadına düşdü ki, ad günüdür. Əvvəl onu gülmək tutdu, sonra təəccübləndi: “Necə olub ki, belə “tarixi hadisəni” yadımdan çıxarmışam?” Dodağına acı gülüş qondu: “Çox elə lazımdır!” Zərifə əyninə ağ xalat geyindi. Sonra şkafdan güldan çıxarıb su ilə doldurdu, nərgizləri onun içinə yığdı. “Bu gün 35 yaşım tamam olur. Qocalıram”, – deyə kədərlə düşündü. Elə bu vaxt Aydın içəri girdi. Sarışın saçları səliqəsiz halda alnına dağılmış Aydının yaşıl gözləri alışıb-yanırdı.
– Salam, Zərif.
“Zərif’ sözünü o, özünəməxsus tərzdə elə mehribanlıqla, elə məhrəmanə dedi ki, Zərifənin dodağı qaçdı:
– Salam, Aydın.
– Ad gününü təbrik edirəm.
– Çiçəklərə görə çox sağ ol. Bəs sən dedi-qodudan qorxmursan?
– Kim nə biləcək? Sonrası da heç kim inanmaz ki, mənim kimi ciddi bir adam kiməsə gül bağışlaya bilər. – Aydın məzəli halda cavab verdi. Zərifə uğunub getdi. Onun gecəki bədbin əhval-ruhiyyəsindən əsər-əlamət qalmadı. Xoş bir ovqat onu birdən-birə dəyişdirdi.