– Bu gün ad günüm olduğu özümün də yadımdan çıxmışdı. Bəs sən bunu yadında necə saxlamısan? – Güya ki, təəccüblə müsahibindən soruşdu. Cavabını əzbər bildiyinə baxmayaraq. Aydının etirafını yenidən eşitmək üçün diqqət kəsildi.
– Mənim yadımdan nə çıxıb ki? – Aydın bunu yavaşca dedi. Sonra isə keçib mizin arxasında oturdu: – Mənim yaxşı yaddaşım var. Zərif. Özü də sənə aid olan nə varsa, hamısını beynimə həkk eləmişəm. İstəsəm belə onlan oradan çıxara bilmərəm.
– Belə de…
– Özü də bunları sən məndən də yaxşı bilirsən.
Zərifə cavab vermədi. Baxışlarını ondan yayındırmağa çalışdı. Amma Aydın onun baxışlarını tutdu:
– Niyə dinmirsən?
– Dəyişməmisən, Aydın. Adamlar var ki, yaşa dolduqca başqalaşırlar, xasiyyətləri dəyişir, amma sən necə idinsə, eləcə də qalmısan, – Zərifə söhbətin ciddi məzmun almasını istəmədi, həmişəki kimi sözlərinə zarafat donu geydirməyə çalışdı.
– Səhv edirsən, mən çox dəyişmişəm. Bircə sənə olan münasibətim dəyişməyib. Bunun da səbəbi sənsən. Həmişəki kimi gözəlsən. Zərif. Gündən-günə daha da gözəlləşirsən. İllər səndən yan ötür. Onlar sənə qıymaq istəmirlər. Vaxt ötdükcə sənə daha çox bağlanıram. Sən olmasan, yaşaya bilmərəm.
O, bunlan birnəfəsə dedi. Zəri fənin təəccüb qarışıq diqqətlə onu dinlədiyini görəndə cürətlənib sözünə davam etdi:
– Bilirsən bazar günlərindən necə acığım gəlir? Bütün günü bazar ertəsini səbrsizliklə gözləyirəm. Elə hey səni düşünürəm. Fikirləşirəm ki, səhər açılacaq, sən indicə qapını açıb içəri girəcəksən, ordan-burdan söhbət edəcəksən. Mən isə sakitcə sənə qulaq asacağam, eləcə heyranlıqla səsindəki musiqini dinləyəcəyəm. Sən hərdən inciyib deyəcəksən: “Fikrin hardadır, axı söz danışıram”. Mən isə “Danış, qulaq asıram”, – deyəcəyəm. “Xeyr, daha danışan deyiləm”, – deyib acıqla otaqdan çıxacaqsan, səninlə iki-üç kəlmə artıq danışa bilmədiyim üçün özümə acığım tutacaq. Bilirsənmi, Zərif, səni hamıya, hətta xəstələrinə də qısqanıram. Hərdən onlardan birinin yerində olmağı elə arzulayıram…
Aydın bunlan birnəfəsə, sözünün kəsiləcəyindən qorxa- qorxa dedi. Elə bil Zəri fənin ona qulaq asmayacağından, dediklərini ciddi qəbul etməyəcəyindən ehtiyat edirdi.
Zərifə onun xətrinə dəyməmək üçün nəzakətlə dedi:
– Danışma, Aydın, bizə belə sözlər danışmaq yaraşmaz. Nə uşağıq, nə də cavan. İkimiz də ailəli, yaşlı adamlarıq. Hisslərlə oynayan vaxtımız deyil.