Dram Teatrına ikinci dəfə qayıtması əməkdaşların yaddaşında daha çox qalıbdı. Ancaq bu, heç də o demək deyil ki, rəsmi sənədlər və ya materiallar tamamilə yoxdu . Əksinə, bunlar Ayşət xanım Əhməd qızının XX əsrin 60-cı illəri ilə bağlı mövcud olan faktlarından xeyli çoxdu. Məsələn: teatrın arxivində 9 noyabr 1980-ci il tarixində Ayşət xanımın işə qəbul olunması haqqında yazdığı ərizə, bir neçə rəsmi fotoşəkil, aktrisa kimi teatra işə götürülməsi və tamaşada hansı rolu ifa edəcəyi barədə direktor Şveyserin əmri və bir çox başqa sənədlər qorunub saxlanıbdı. Bütün bu sənədlərdə, Ayşət xanım Maqomayeva familiyası ilə təqdim olunubdu.
“1978-ci ildə mən Çimkənd teatrına işləməyə gəldim. Burda öyrəndim ki, Müslüm Maqomayevin anası teatrda işləyir. Bu, xəbərdən sevinc və fərəh hissi keçirdim! Mən Müslümün mahnılarını həddindən artıq çox sevirdim. O, bizim nəsil nümayəndələrinin qibləgahı, pərəstişgahı, büt yeri, əfsanəsi idi. Şəxsən mənim üçün onun anası da əfsanə hesab olunurdu. Buna bahəm Ayşət Əhməd qızı ilə tanış oldum və ona Müslümə valeh və heyran olduğumu bildirdim…”, -deyərək, -teatrın aktrisalarından biri, Larisa İvanovna Şapovalova xatırlayırdı.
Kinoya getməyi, mütaliə etməyi, təmiz havada gəzməyi, həmsöhbət olmağı xoşlayan Ayşət xanım dahiyanə fikirlər söyləmək, özünü yüksək tutmaq, bir sözlə , başqalarına yuxarıdan aşağı baxmaq və s. bu kimi neqativ xüsusiyyətlərdən çox uzaq olan bir insan olmaqla bərabər, həm də çox təmizkar, səliqəli, əsl zadəgan qrupuna mənsub olan bir xanım olubdu.
Ayşət xanımın rəfiqələri Valentina Osipovna və Larisa İvanovna deyirdilər: “Ayşət xanım çox istedadlı bir insan idi. O, demək olar ki, bütün musiqi alətlərində: qarmon, gitara, bayan, dombre və akkordeonda ifa etməyi bacarırdı. Olduqca gözəl improvizasiya qabiliyyətinə, valehedici, həm də, hər hansı bir aksent olmadan müxtəlif xalqların mahnılarını oxumaq istedadına malik idi. Teatrın sabiq əməkdaşları belə hesab edirdilər ki, oxumaq bacarığı Müslü mə anasından keçibdi.”
Ayşət xanımın rəfiqələrinin dediklərində bir həqiqət, bi reallıq var idi. Beləki, Cənubi Qazağıstan, Çimkend Rus Dram Teatrının bədii rəhbərlərindən biri İqor Verbitiski Ayşət xanımla bağlı xatirələrini bölüşərkən demişdi:
“Mənə müyəssər oldu ki, bir neçə tamaşada Ayşət Əhməd qızı ilə tərəf müqabili kimi çıxış etdim. Birinci dəfə bu, 1980-ci ildə baş tutdu. Onda mənim 17 yaşım var idi, teatra yenicə gəlmişdim. Tamaşaya əfsanəvi “Qara qızılgül” qoyulurdu. Belə oldu ki,