İbn Məhanın sarayına tərəf gedəndə sifəti heç bir şey ifadə etməsə də, içində bic-bic güldü: “Şəms sənindir, hökmdar! – Sonra bir ah çəkdi. Bu ahı da kimsə duya bilməzdi. – Məni ağılsızmı sanırsan, hökmdar? Al, bu huri sənin olsun, bir neçə ay ağlını başından alsın. Mən də öz hurim Müsəffa ilə kef edəcəm. Onu görsən, boynumu həmin an vurdurarsan. Şəms səni belə dəli edibsə, Müsəffanı görsən, neylərsən? Vermərəm!…” Saraya girənə qədər yol boyu öz-özü ilə danışdı. Hökmdara təzim edib, əbasının ətəyindən dönə-dönə öpdü.
– Hökmdar, bizimkilər bu gün bir kəniz göndəriblər. Uzaq qohumumdur. Xacə Məluma tapşırdım ki, axşama hazırlasınlar. Uyğun görərsinizsə, məmnun olaram. Şəms sizə layiqdir…
İbn Məhan qımışdı: “Sizinkilərin cinsi bir başqadır. Sanki onları doğmurlar, yaradırlar…”
O gecə ibn Məhan cənnətin ən son qatına çatdığına inandı. Uzun illərdən sonra ilk dəfə idi özünü bu qədər arzuolunan hiss edirdi. Gündəlik vərdişə çevrilən xəlvətlərdən usanmış ibn Məhan üçün Şəms onu birdən-birə on səkkiz yaşına qaytaran dirilik suyu idi. Hökmdar gecə demədən, gündüz demədən, iş-gücünü boşlayıb günlərini Şəmsin qoynunda keçirir, bu gözəl kənizin yanında zaman anlayışını itirir, taxt-tac gözünə görünmür, dünya bu bircə yataq otağına dolurdu. Kənizinin həm titrək-məsum, həm əmin-ehtiraslı davranışları hər gün yenidən ağlını başından alırdı. Əsl Şəms bunların hansıdır, anlaya bilmir, anlamağa da çalışmırdı. Qarşısında quzu kimi əsən, həmişə əmrinə müntəzir dayanan cariyələrdən usanmış hökmdar özünü məmnuniyyətlə Şəmsin ixtiyarına vermişdi.
Qüdrət sahibi hökmdar uzun dəqiqələr, saatlar boyunca özünü könüllü əsirlikdə hiss edir, bu əsarətdən qurtulmaq istəmir, yanlış olduğunu bildiyi halda, işi-gücü vəzir-vəkilin ixtiyarına buraxıb günlərini Validin bəxşişi olan kənizlə keçirməyə davam edirdi. Hər səhər müəzzinin səsi sübhün alaqaranlığında Tanrı hüzuruna çağırış edəndə günah hissi Şəmsin incə barmaqları kürəyini cızdığı kimi ürəyini cızsa da, bu təlaş cəmi bir neçə dəqiqə sürür, dəvəti duymazdan gəlib qızın qollarında özünü ölməzlik iksiri içmiş kimi qüdrətli hiss edirdi. Şəms sanki qadın yox, bu günə kimi görmədiyi, qadın cinsindən olan nəsə başqa bir məxluq idi. İbn Məhan qızın cənnətdən məxsusi onun üçün göndərilmiş huri olduğuna əmindi…