Leyli və Məcnun - страница 4

Шрифт
Интервал


Çoban Həmid tərəkəmə tayfalarının hərəsindən bir igid seçib gecələr mağaradan çıxır, yorulub yatmış əsgərləri iri ağır toppuzbaşlı çomaqları ilə öldürür, atlarını sürüb aparırdılar. Canlarını qurtarmağa çalışan şil-küt olmuş əsgərlərin çoxu düşərgəyə gəlib çıxmır, elə yoldaca qurd-quşa yem olurdular.

Bu gecə çoban Həmidin hədəfi Valid ibn Tarifi idi. Gecənin qaranlığında iyirmi igidlə dağlardan düşüb, kövşənlərin arasında, düşmən ordusu düşərgəsinin arxasında gizləndilər. Çadırların yan tərəfində yerə çökmüş atlara yaxınlaşdılar, onları səssizcə qaldırıb, düşərgədən uzaqlaşdırdılar. Çoban Həmid on nəfərlik dəstə ilə geri qayıdanda digərləri atları mağaraya doğru qovurdular.

Həmidin dəstəsi səssiz-səmirsiz çadırlara yaxınlaşır, yatmış əsgərlərə fürsət vermədən bir-birinin ardınca onların üz-gözünə saysız zərbələr endirirdilər. Canını qurtaran çox az adam qalmışdı. Valid ibn Tarifini öldürmədilər, əvvəlcə o ki var kötəklədilər, sonra isə cəmi üç nəfərlə saraya yola salıb, mağaraya çəkildilər…

Pay-piyada, əli ətəyindən uzun düzən ərazilərə qayıdan Tarifini görən xalq tərəkəmələrin hərəkətindən ürəklənir, artıq qorxmur, hər yerdə Tarifinin adamlarını daş-qalaq edib, itaətdən boyun qaçırırdılar. Camaat üsyana qalxmışdı.

Artıq Bərdədə də xalq ayağa qalxıb hökmdardan Valid ibn Tarifinin boynunun vurulmasını tələb edirdi. İbn Məhanın başqa yolu qalmamışdı. Xalqı sakitləşdirmək üçün şəhər meydanında hamının gözü qabağında yüz seçmə əsgərinə göstəriş verdi: “İbn Tarifini tapıb gətirin, boynu vurulsun!”

Bu əmrdən xəbər tutan Valid ibn Tarifi ətrafındakı üç-beş adamla Ərməniyyəyə qaçdı. Xəzinədən oğurladıqlarını da özü ilə aparmağın yolunu tapmışdı. Bu, xalqı daha da qəzəbləndirirdi. İbn Məhandan tələb edirdilər ki, bizə silah ver, gedib Validi tapıb gətirək.

İbn Məhan çox sevdiyi taxtını da bir dəvəyə yükləyib, söz verdi ki, vəzirinin arxasınca özü qoşunun başında gedəcək, onu yerun deşiyindən də olsa, tapıb gətirəcək. Niyyəti Bərdədən uzaqlaşmaq, vaxtı udub ağsaqqalları min vədlə ələ almaq, yenidən öz cənnət bağına qayıtmaq idi. İndi Araz sahilinə qoşunla yol alarkən ibn Məhan artıq özünü söyüb-yamanlamaqdan yorulmuşdu. Öz səhvləri üzündən taxt-tacını itirməsiylə hələ də barışa bilmirdi. Çıxış yolunu çayı keçib, Harun Ər-Rəşidə sözünü çatdırmaq, hər şeyi ibn Tarifinin üstünə ataraq əfv diləmək, xəlifənin mərhəmətinə sığınmaqda görürdü. Arazın sahilində çadırlar qurub bir az dincəlmək, çayı səhər sübhdən keçmək qərarına gəldilər.